Yuxarı

AVCİYA-nın Seçki Qərargahı prezident seçkilərinin müşahidəsi ilə bağlı Aralıq Hesabatını açıqlayıb

AVCİYA-nın Seçki Qərargahı prezident seçkilərinin müşahidəsi ilə bağlı Aralıq Hesabatını açıqlayıb
Bakı. 6 aprel. REPORT.AZ/ Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı aprelin 11-nə təyin edilən prezident seçkilərinin müşahidəsi ilə bağlı Aralıq Hesabatını açıqlayıb.

"Report"un xəbərinə görə, Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, Aralıq Hesabatı 5 fevral-6 aprel 2018-ci il dövrü əhatə edir: "Hesabatda “İctimai-siyasi mühit”, “Söz və mətbuat azadlığı”, “Sərbəst toplaşmaq azadlığı”, “Namizədlərin irəli sürülməsi, qeydə alınması”, “Seçici siyahıları, Seçki administrasiyasının fəaliyyəti”, “Təbliğat və təşviqat kampaniyası”nın monitorinqinin nəticələri öz əksini tapıb".

O qeyd edib ki, hesabatda həmçinin AVCİYA haqqında məlumat və AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri da yer alıb: "Monitorinqin keçirildiyi dövrdə - müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil teleqraf agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində 9,84%-ni təşkil edib. Müstəqil qəzetlər içərisində “Bakı xəbər” qəzeti (51,67%), müxalifət qəzetlərindən “Yeni Müsavat” qəzeti (50%), iqtidar qəzetlərindən “Azərbaycan” qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıblar. 

Seçki qərargahının rəhbəri qeyd edib ki, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar: "MSK-nın gördüyü bütün işlər fəaliyyət proqramında göstərilən müddətlərdə, vaxtında həyata keçirilib. MSK tərəfindən seçki maarifçiliyinə aid bir sıra tədbirlər həyata keçirilib, müxtəlif vəsaitlər, seçki plakatları çap olunaraq yayılıb. Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib".

Onun sözlərinə görə, AVCİYA Seçki Qərargahının müxtəlif sahələrdə apardığı monitorinqin nəticələri göstərir ki, 11 aprel Prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi