Yuxarı
    Bağlamaq

    Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

    Bakı. 21 yanvar. REPORT.AZ/ Berlində 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Azərbaycan Respublikasının AFR-dəki Səfirliyindən "Report"a verilən məlumata görə, Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycan Evinin təşkilatçılığı, habelə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilən anım tədbiri Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirinova giriş sözü ilə açıb və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

    Səfir Ramin Həsənov 20 yanvar hadisələri barədə tədbir iştirakaçılarını məlumatlandırıb, 20 yanvar 1990-cı il ərəfəsində və bu tarixdən sonra cərəyan etmiş proseslərə nəzər salıb, hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğurunda apardığı mübarizənin dayandığını bildirib.

    O, yanvar hadisələrindən öncə Azərbaycan xalqına qarşı həyata keçirilən məkrli siyasətin böyük etirazlara səbəb olduğunu, xalqın öz müstəqilliyini dinc yolla tələb etdiyini, əvəzində isə Sovet İttifaqı rəhbərliyinin əmri ilə mülki əhalinin ordu tərəfindən amansızcasına qətlə yetirildiyini qeyd edib.

    Daha sonra 20 Yanvar hadisələrinə dair film nümayiş etdirilib və şəhidlərin əziz xatirəsi yad edilib.

    Anım tədbirində Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyada təhsil alan tələbələr, gənc tədqiqatçılar və səfirliyin əməkdaşları iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi