Yuxarı

Ali təhsil müəssisəsi qazancının azı 40 faizini müəllimlərin sosial müdafiəsinə yönəldəcək

​Ali təhsil müəssisəsində çalışanlara əlavə vəsait veriləcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə yönəldiləcək.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya yerli büdcələrdən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və öz nizamnaməsi ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən formalaşdırılır.

Ali təhsil müəssisəsi ona verilmiş əmlakdan yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Ali təhsil müəssisəsinin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Müəssisə əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir.

Ali təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Ali təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, yaxud onların səlahiyyət verdiyi şəxs həyata keçirir.

Müəssisənin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi