Akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı monoqrafiya yazıb

Akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı monoqrafiya yazıb Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı monoqrafiya yazıb. “Report” həmin monoqrafiyanı təqdim edir:
Daxili siyasət
16 Aprel , 2018 17:20
Akademik Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı monoqrafiya yazıb

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı monoqrafiya yazıb. “Report” həmin monoqrafiyanı təqdim edir:

Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri


“İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.

Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”1.

İlham Əliyev

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.

x x x

HEYDƏR ƏLİYEV İQTİSADİ STRATEGİYASININ DÖNMƏZLİYİ

Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi hər şeydən əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.

Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınmışdır.

Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır.

Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrün siyasi və iqtisadi aspektlərinin öyrənilməsi hər zaman öz aktuallığını saxlayır. Bu, gələcək inkişafımızın əsas istiqamətlərini müəyyən etmək və bir daha dəqiqləşdirmək baxımından zəruridir. Heydər Əliyevin “İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir” fikri bir daha təsdiq edir ki, Ümummilli Lider milli iqtisadiyyatımızın inkişafına dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi hər zaman böyük önəm vermişdir.

Keçmiş İttifaq daxilində Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olsa da, özünəməxsus inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq prosesinə start verilmişdir.

Hələ Sovet İttifaqı dağılmamışdan əvvəl ekspertlər siyasi müstəqilliyə iqtisadi cəhətdən hazır olan iki respublikadan biri kimi, məhz Azərbaycanı qeyd edirdilər. Çıxarılan belə bir nəticə ölkəmizin təkcə təbii sərvətlərinin zənginliyinə deyil, həm də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə əsaslanırdı. Belə ki, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın büdcə gəlirləri xərclərindən bir qayda olaraq çox olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq əmələ gəlirdi.

Keçmiş İttifaqın tərkibində olan “müttəfiq” respublikalardan biri kimi, mövcud maneələrə, müstəqil iqtisadi siyasət yürütmək imkanlarının məhdud olmasına baxmayaraq, Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə öz iqtisadi potensialını, milli iqtisadi maraqlarını reallaşdıra bilmişdir. Respublikamız iqtisadiyyatın bütün sahələrində güclü iqtisadi və kadr potensialı yaratmağa nail olmuşdur. Bir çox məhsulların istehsalına görə Azərbaycan keçmiş SSRİ-də qabaqcıl yerlərdən birini tuturdu. Bu dövrdə yeni sənaye müəssisələrinin açılması, maşın və avadanlıqların alınması digər respublikalara nisbətən Azərbaycanda əsas fondların daha sürətlə artmasına səbəb olmuşdur.

Heydər Əliyev 1993-cü ildən – müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından başlayır.

1994-cü ildə isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldilmişdir.

Milli iqtisadiyyatımızın inkişafı üçün strateji və siyasi xarakterli mühüm addımlardan biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi oldu. Yeni Konstitusiya dövlət idarəçiliyinin formasını, vətəndaşların və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının başlıca prinsiplərini də özündə əks etdirmişdir.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə çevrilməsi ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Xüsusilə də 1990-cı illərin ortalarından başlayaraq görülmüş tədbirlər milli iqtisadiyyatın sabitləşdirilməsində və inkişafında həlledici rol oynamışdır.

Xatırladaq ki, 1990-1995-ci illərdə ÜDM-in həcmi hər il orta hesabla 15 faiz azalırdı. İqtisadi artım tempinin aşağı düşməsi inflyasiya ilə müşayiət edildiyinə görə ölkədə 1990-cı illərin əvvəllərində staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci ildən başlayan iqtisadi tənəzzülün qarşısı yalnız makroiqtisadi sabitləşdirmə proqramlarının həyata keçirilməsindən sonra – 1996-cı ildə alındı.

1990-cı illərin əvvəllərində ölkədə qiymət artımı hiperinflyasiya həddinə çatmışdır. Belə ki, inflyasiyanın səviyyəsi 1992-ci ildə 1174 faiz, 1993-cü ildə 1081 faiz təşkil etmişdir. Yalnız Heydər Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli Fərmanın icrasından sonra inflyasiyanı 1995-ci ildə 85 faizə, 1996-cı ildə isə 2,5 faizə endirmək mümkün olmuşdur. Sərt pul-kredit və maliyyə siyasətinin həyata keçirilməsini nəzərdə tutan bu Fərmanla ölkədə ardıcıl antiinflyasiya tədbirlərinə başlanıldı. Artıq 1996-cı ildən etibarən inflyasiya tədricən azalaraq 2002-ci ildə 2,8 faizə enmişdir.

1990-cı illərin əvvəllərində inflyasiya tempinin əməkhaqqının artım tempini əhəmiyyətli dərəcədə qabaqlaması əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salırdı. Əhalinin sosial müdafiəsi hər şeydən əvvəl maliyyə sabitliyinin təmin olunmasını tələb edirdi. Yüksək inflyasiya şəraitində isə həyat səviyyəsini nəinki yüksəltmək, hətta qoruyub saxlamaq mümkün deyildi. Yalnız 1996-cı ildən etibarən inflyasiyanın cilovlanması əhalinin həyat səviyyəsinin pisləşməsinin qarşısını aldı.

Heydər Əliyevin milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin edilməsindən, digər tərəfdən də iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən ibarət olmuşdur. Belə bir siyasi impuls olmadan iqtisadi quruculuq sahəsində böyük uğurlar əldə etmək mümkün olmazdı.

İqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Ümummilli Liderin fəaliyyəti, onun bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin söylədiyi bir fikri xatırlatmaq istərdim: “Beş ildən sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu, həddən çox “əgər”lərdən asılıdır…”2. Bəli! Ümummilli Liderin qətiyyətlə söylədiyi nikbin fikirlər artıq özünü doğrultmaqdadır. Fikrimizcə, bu şərtlərdən ən əsası bazar “relsləri” üzərinə keçirilmiş Azərbaycan iqtisadiyyatının inkişaf sürətinin artırılması, ölkənin mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsidir.

Konkret strategiya olmadan nə iqtisadi transformasiyanı, nə də milli iqtisadiyyatın formalaşdırılması prosesini uğurla həyata keçirmək mümkündür. Strategiya sosial-iqtisadi inkişafın əsas oriyentirlərini müəyyən edir. Genişmiqyaslı islahatlar aparmadan, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər etmədən müəyyən edilmiş iqtisadi strategiyanın reallaşdırılmasına nail ola bilməzdik. Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi islahatları yalnız güclü siyasi iradəyə və qətiyyətli mövqeyə malik olan dövlətlər uğurla həyata keçirə bilir. Bu baxımdan Azərbaycanın siyasi rəhbərliyinin qəbul etdiyi radikal qərarlar islahatların dönməzliyinin təmin edilməsində həlledici rol oynamışdır.

Siyasi dəstək olmadan yeni iqtisadi münasibətlərin təşəkkül tapması qeyri-mümkündür. Bu baxımdan iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə Heydər Əliyevin ardıcıl siyasi və ideoloji dəstəyi iqtisadi yeniləşmə prosesinin dönməzliyini təmin etmişdir. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə yeni iqtisadi sistemin formalaşdırılması üçün bir sıra fərman və sərəncamlar imzalanmış, mühüm dövlət proqramları qəbul edilmişdir. Ölkədə sahibkarlığın dəstəklənməsi özəl sektorun güclənməsi üçün geniş perspektivlər açmışdır. 1990-cı illərin ortalarından etibarən həyata keçirilən özəlləşdirmə proqramı özəl sektorun təşəkkülü prosesinə zəmin yaratmışdır.

Ulu Öndərin imzaladığı “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr tarixli, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanlar özəl sektorun inkişafında mövcud olan problemlərin kompleks və sistemli həllini, sahibkarlığın sürətli inkişafı üçün əlverişli iqtisadi və institusional mühitin yaradılmasını, müxtəlif dövlət orqanlarının nəzarət funksiyalarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Azərbaycanda iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsinə, islahatların kadr təminatı ilə bağlı problemlərin həllinə Ümummilli Lider xüsusi diqqət yetirirdi. Onun tərəfindən “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” 1998-ci il 29 dekabr tarixli Fərmanın imzalanması institusional islahatların konseptual əsaslarının hazırlanması və bu prosesin geniş miqyasda həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Müasir dövrün tələblərinə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş, dövlət orqanlarında müsabiqə yolu ilə işə qəbul prosesinə başlanılmış, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.

Ulu Öndər Azərbaycanın iqtisadi inkişaf tarixinə həm də radikal torpaq islahatlarının müəllifi kimi imzasını atdı. 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanuna əsasən, MDB məkanında ilk dəfə olaraq, torpaq üzərində xüsusi mülkiyyətçiliyin əsası qoyuldu. Bu, torpaq bazarının və kənddə yeni iqtisadi münasibətlərin formalaşması üçün hüquqi baza yaratdı.

Heydər Əliyev aqrar islahatların gedişi və onun perspektivləri barədə çox aydın strateji baxışlara malik idi. Ümummilli Lider qeyd edirdi: “Aqrar bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib istənilən nəticəyə nail ola bilmərik... İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir... Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər... İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir. Əks təqdirdə, islahatlar səmərəsiz ola bilər... Bu islahatların aparılmasında mühafizəkarlığa qətiyyən yol vermək olmaz, eyni zamanda, islahat şüarları altında aqrar bölmədə əldə olan potensialımızın dağılmasına da yol vermək olmaz”3.

Həyata keçirilmiş aqrar islahatların nəticəsidir ki, hazırda kənd təsərrüfatı istehsalının 99 faizi özəl bölməyə əsaslanır. Bu isə aqrar sektorun inkişafına müsbət təsir göstərən həlledici amildir. 1992-1995-ci illərdə kənd təsərrüfatında istehsal həcmi ildə orta hesabla 12 faiz, təkcə 1992-ci ildə isə 23,8 faiz aşağı düşmüşdür. Aqrar sahədə tənəzzülün qarşısı yalnız 1998-ci ildən alınmış və həmin dövrdən başlayaraq, istehsal artan dinamika ilə davam etmişdir.

1999-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmuşdur. Həmin güzəştlər davamlı olaraq bu günə kimi tətbiq edilməkdədir.

İqtisadi islahatların həyata keçirilməsi sahəsində beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Azərbaycan Respublikası Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna (BVF) üzv dövlət kimi 1992-ci ildə qəbul edilsə də, həmin təşkilatlarla intensiv əməkdaşlığa, birgə hazırlanmış iqtisadi proqramların və layihələrin həyata keçirilməsinə, kredit tranşlarının açılmasına əsasən 1995-ci ildən başlanılmışdır. Bu, hər şeydən əvvəl onunla izah olunur ki, həmin dövrədək ölkəmizdə siyasi vəziyyətin qeyri-sabitliyi şəraitində beynəlxalq maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa meyil etmir və kreditlərin ayrılmasında gözləmə mövqeyi tuturdular. Birgə iqtisadi proqram və layihələrin həyata keçirilməsinə ictimai-siyasi vəziyyətin sabitləşdirilməsindən sonra başlanılmışdır.

Heydər Əliyev iqtisadi strategiyası hələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Prezident İlham Əliyev 2003-cü ildə seçkiqabağı çıxışlarında Ulu Öndərin müəyyən etdiyi ümumi iqtisadi kursun davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu kurs dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: “Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”4.

Bu gün islahatların gedişi prosesində yeni iqtisadi şəraitin reallıqları nəzərə alınır, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri müasir dövrün tələblərinə uyğunlaşdırılır və daha da təkmilləşdirilir.

PREZİDENT İLHAM ƏLİYEVİN HÖKUMƏTİN İQTİSADİ BLOKUNA İLK TAPŞIRIQLARI

“Bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır”5. Bu, Prezident İlham Əliyevin səsləndirdiyi əsas tezislərdən biridir. Təsadüfi deyildir ki, hazırda Azərbaycanda dövlət idarəçiliyi əsas etibarilə “güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın imkanlarından maksimum istifadə edilməsi də bu prinsipin reallaşdırılmasına xidmət edir.

Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyev ölkəmizin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı, az sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.

Prezident İlham Əliyev neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının yarana biləcəyini nəzərə alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını təmin edən bu Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Davamlı inkişaf neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan 2004-cü ildə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın (2005-2025) dövlət başçısı tərəfindən təsdiqi xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması, onlardan əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsini zərurətə çevirmişdir. Bu strategiya neft və qaz gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirdi.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin iqtisadi blokuna ilk tapşırıqlarını vermişdir. Ölkəmizin sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu kimi qiymətləndirmək olar.

Şərti olaraq, Fərmanda əks olunan məsələləri məzmun və xarakterinə görə 5 əsas blok üzrə - institusional, sosial, sənaye, sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri üzrə qruplaşdırmaq olar.

İnstitusional blok qəbul edilmiş dövlət proqramlarının icra vəziyyətinin araşdırılması, iqtisadiyyatın idarə edilməsində islahatların başa çatdırılması, vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasının təmin edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarında intizamın gücləndirilməsi, beynəlxalq və regional iqtisadi qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, bank sistemində və kommunal sektorda islahatların aparılması kimi məsələləri əhatə edirdi.

Sosial bloka işsizliyin azaldılması, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya sistemində və sosial sahədə islahatların sürətləndirilməsi və məşğulluğun təmin edilməsi məsələləri daxil edilmişdir.

Sənaye bloku qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sektora investisiyaların cəlb olunmasının stimullaşdırılması, yeni emal müəssisələrinin yaradılması, ixracın stimullaşdırılması və alternativ enerji mənbələrindən istifadə edilməsi məsələlərini nəzərdə tuturdu.

Sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması bloku özəl sektorun inkişafı ilə bağlı qərarların icrasının təmin edilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, kreditlər üçün girov təminatının təkmilləşdirilməsi, aqrar sektorda islahatların ikinci mərhələsinin başlanılması ilə bağlı tapşırıqları əhatə edirdi.

Dövlət maliyyə sisteminin təkmilləşdirilməsi bloku dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi, dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsi və ödəməmələr probleminin aradan qaldırılması ilə bağlı tapşırıqları ehtiva edirdi.

Sistemli və kompleks xarakter daşıyan bu Fərman biri digərinin reallaşmasına şərait yaradan istiqamətləri özündə birləşdirmişdir. Məsələn, inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkişaf etdirmək, idarəetmə sistemini yeniləşdirmədən iqtisadi islahatları sürətləndirmək, qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik problemini həll etmək mümkün deyildir.

Adından da göründüyü kimi Fərman sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərini əhatə edir. Doğrudur, 2000-ci illərin ortalarında Azərbaycan iqtisadiyyatı artıq inkişaf “relsləri” üzərinə keçirilsə də, iqtisadi proseslərə impuls, dinamizm verməyə ehtiyac var idi. Bu baxımdan Prezident İlham Əliyevin ilk iqtisadi Fərmanı inkişafın sürətləndirilməsinə yönəldilmişdir. Ulu Öndər də 1994-cü ildə “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” ilk genişmiqyaslı Fərman imzalamışdır. Məhz həmin Fərmanla makroiqtisadi sabitliyin əsası qoyulmuşdur.

Prezident İlham Əliyevin ölkənin iqtisadi həyatında reallaşdırdığı mühüm təşəbbüslərdən biri denominasiya ilə bağlı olmuşdur. Ölkədə pul dövriyyəsini daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirmək məqsədi ilə 2005-ci ildə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 2006-cı il yanvarın 1-dən milli valyutanın - manatın denominasiyası həyata keçirildi. 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. Denominasiyanın həyata keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyi bir daha təsdiq etdi.

Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri 1990-cı illərin əvvəllərində yüksək inflyasiya səbəbindən vətəndaşlarımızın keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması olmuşdur. Bu əmanətlər Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilmiş və onlara görə kompensasiyalar verilmiş (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı almış, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmiş və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalmışdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti 2012-ci ildə həmin əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə Fərman imzalamışdır. Belə bir qərarın qəbul edilməsi Azərbaycanda iqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə uzlaşdırıldığını açıq-aydın nümayiş etdirir.

Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan həyata keçirilən hər hansı bir tədbir ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüş yarada bilməz. 2003-2017-ci illər ərzində Prezident İlham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.

AZƏRBAYCAN İQTİSADİYYATI YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

Son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.

Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir. Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul edilmişdir.

Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması ilə tamamlanır.

Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki, dövlət başçısı ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmiş, 2014-cü ili “Sənaye İli” elan etmişdir.

Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli iş görülmüşdür.

Kimya sənayesinin inkişaf etdirilməsi məqsədi ilə 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına qərar verilmişdir.

Ölkə başçısının iştirakı ilə 2017-ci ildə Balaxanı Sənaye Parkının açılış mərasimi keçirilmişdir. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı, əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına şərait yaradır.

2016-cı ildə təməli qoyulmuş Mingəçevir Sənaye Parkında isə yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması nəzərdə tutulur. Pambıqçılığın sürətlə inkişafı qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilini tələb edir. Mingəçevir Sənaye Parkının ərazisində yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı müəssisəsi - “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester fabriki və “Open End” üsulu ilə iplik istehsal edən fabrik belə müəssisələrdəndir. Prezident İlham Əliyev 2018-ci ilin fevral ayında hər iki fabrikin açılışında iştirak etmişdir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə yaradılan bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcəkdir.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir.

Əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında artıq təməli qoyulmuş dərman zavodlarının tikintisi istiqamətində müvafiq tədbirlər görülür. Ölkəmiz üçün yeni sahə olan əczaçılıq sənayesinin yaradılması məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də yerli istehsal hesabına əhalini keyfiyyətli əczaçılıq məhsulları ilə təmin edəcək, idxaldan asılılığı azaldacaq və ixrac potensialını yüksəldəcəkdir.

2017-ci ildə isə Prezident İlham Əliyev ölkədə ilk dəfə yaradılmış Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak etmişdir. Hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə rezident kimi qeydiyyata alınmışdır.

2016-cı ildə yaradılmış Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel, tikinti materialları, plastik tara, süfrə suyu, qida məhsulları, xalça istehsalı və kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir.

Bundan başqa, 2017-ci ildə Hacıqabul və Sabirabad Sənaye məhəllələrinin yaradılmasına başlanılmışdır. Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək rezidentlərin ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil ehtiyat hissələri və kompozit materialları istehsalı sahələrində ixtisaslaşması nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsində isə yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti sənaye məhəllələrinin yaradılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə edən sənaye sahələrinin yaradılmasında, istehsal prosesinin təşkili zamanı infrastruktur xərclərinin azaldılmasında, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə “Turizm İli” elan edilmişdir. Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da otellərin və istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır. 2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı cəmi 96 olduğu halda, 2004-2017-ci illər ərzində belə obyektlərin sayı artaraq 550-yə çatmışdır ki, bunun da 400-ü regionlarda yerləşir.

Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması xüsusi olaraq qeyd edilməlidir. Bu layihələr üzrə işlərin çox hissəsi artıq icra olunmuşdur.

İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması və s. işlər davam etdirilmişdir.

Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.

Ölkənin tranzit potensialından daha səmərəli şəkildə yararlanmaq məqsədi ilə dövlət səviyyəsində institusional islahatların aparılmasına ehtiyac yaranmışdır. Məhz bu siyasətin davamı olaraq, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, özəl şirkətlərlə dövlət orqanlarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması və tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində işlərin aparılması Koordinasiya Şurasına həvalə edilmişdir. Ölkənin tranzit cəlbediciliyinin artırılması istiqamətində Koordinasiya Şurası tərəfindən bir sıra mühüm tədbirlər görülmüşdür. Belə ki, dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilmiş, tranzit müddətləri qısaldılmış və prosedurlar təkmilləşdirilərək optimallaşdırılmış tarif siyasətinə başlanmışdır.

İqtisadiyyatın şaxələndirilməsi və sənayenin modernləşdirilməsi istiqamətində mühüm layihələrdən biri telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan “Azerspace” və “Azersky”ın istismara verilməsi olmuşdur.

Neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan və son illər ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında 11,3 dəfə artıma nail olunmuşdur. Son 15 ildə regionlarda 1600-dən çox ATS, 1000-dən çox poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilmişdir.

Əhalinin dərman vasitələri ilə optimal qiymətlərlə etibarlı təchizatı sosial və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dərman vasitələri bazarında yaranmış xaotik vəziyyətin aradan qaldırılması və bu sahəyə nəzarətin gücləndirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırıqlarından sonra qanunvericiliyə dəyişikliklər edilmiş və 2015-ci ilin ortalarından etibarən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılmışdır. Tənzimləmə prosesi intensiv şəkildə davam etdirilmiş, dövlət qeydiyyatına alınmış 11 minə yaxın dərman vasitəsinin qiymətləri təsdiq edilmişdir. Nəticədə süni qiymət artımının və dərman vasitələrinin qiymətləri ilə manipulyasiyaların qarşısı alınmış, dərman vasitələri bazarında şəffaflıq, ictimai və dövlət nəzarəti təmin edilmişdir.

Ölkə başçısının tapşırığına uyğun olaraq, 2017-ci ildən etibarən icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar pilot layihənin icrasına başlanılmış və sığortanın baza zərfinə 1800-dən çox tibbi xidmət daxil edilmişdir.

Azərbaycanda iqtisadi inkişaf bazar münasibətlərinə əsaslansa da, o, həm də sosial ədalət prinsipi ilə tamamlanır. Yeni pensiya və sosial müdafiə sisteminə keçid, ölkə vətəndaşlarının ipoteka kreditləri ilə təmin edilməsi və 2016-cı ildə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə sosial mənzillərin tikilərək ehtiyacı olanlara verilməsinin nəzərdə tutulması dövlətin sosial siyasətində keyfiyyət dəyişikliklərini əks etdirir.

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatların verdiyi yüksək qiymətdir.

“Doing Business” hesabatına əsasən Azərbaycan 2017-ci ildə 190 ölkə arasında 57-ci pillədə, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətədavamlılıq” hesabatında isə 35-ci pillədə qərarlaşmışdır. Eyni zamanda, sonuncu hesabata əsasən “Siyasətçilərə ictimai etimad” adlanan indikator üzrə Azərbaycan dünyada 20-ci pilləyə yüksəlmişdir. Bu isə iqtidara xalqın böyük etimadını səciyyələndirən mühüm göstəricidir.

İndi ölkəmizdə iqtisadi liberallaşmanın, struktur islahatlarının yeni mərhələsi başlanır. Bu mərhələdə əsas vəzifə səmərəli iqtisadiyyatın qurulmasından, daha sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial siyasətin həyata keçirilməsindən ibarətdir. Nəzərə almalıyıq ki, “Ən yaxşı sosial siyasət düzgün iqtisadi siyasətdir” tezisini əsas götürmüş Azərbaycan bir çox Şərqi Avropa ölkələri kimi iqtisadi transformasiya dövrünü uğurla başa çatdırmışdır.

“Bundan sonra bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsidir” fikrini Prezident İlham Əliyev heç də təsadüfən qeyd etməmişdir. Bəli! Sosial siyasət yalnız səmərəli iqtisadiyyata əsaslandıqda uzunmüddətli təsir gücünə malik olur. Bu baxımdan son illər həyata keçirilən liberallaşdırma tədbirləri, xüsusilə də institusional islahatlar ölkə iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri kimi qiymətləndirilməlidir.

Bazar iqtisadiyyatı yolunu seçmiş ölkələr öz rəqabətqabiliyyətliliyini davamlı dövlət proteksionizmi, ucuz enerji resursları hesabına təmin edə bilməz. Bütün bunlar idman yarışlarında olduğu kimi, iqtisadiyyat üçün də qısamüddətli “dopinq effekti” verir. Biz iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini yalnız struktur dəyişiklikləri, texnoloji yeniləşmə vasitəsilə artıra bilərik.

Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə olunur. Eyni zamanda, regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə infrastruktur obyektlərimiz modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi siyasəti davamlı xarakter daşıyır.

Yeniləşmənin bütün istiqamətlər üzrə uğurla reallaşdırılması ölkənin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edilməsindən bilavasitə asılıdır. Azərbaycan özünün perspektiv inkişaf xəttini artıq müəyyən edib. Bu, qəbul edilmiş dövlət proqramlarında, strateji yol xəritələrində bir daha öz əksini tapır. Həmin sənədlər ölkəmizdə proqramlı idarəetməni səciyyələndirməklə yanaşı, həm də Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini özündə ehtiva edir.

Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya çərçivəsində qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, institusional potensialın gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ətraf mühitin qorunması və s. məsələləri əhatə edən 53 sənəd təsdiq edilərək icrası təmin olunmaqdadır.

Yeni mərhələdə iqtisadi siyasəti müəyyən edərkən müasir dövrün çağırışları nəzərə alınmalı, yerli istehsalın stimullaşdırılması istiqamətində tədbirlər görülməli, dövlət xərcləri restrukturizasiya edilməli, gəlirlərin yenidən bölgüsünün səmərəli mexanizmi yaradılmalıdır. 2016-cı ildə yaradılmış Maliyyə Sabitliyi Şurası makroiqtisadi sabitliyin təmin edilməsi üzrə tədbirləri səmərəli koordinasiya etməlidir.

Makroiqtisadi göstəricilərin yaxşılaşdırılması 1990-cı illərin əvvəllərində itirdiyimiz iqtisadi potensialın bərpa edilməsi baxımından əhəmiyyətli olsa da, o, iqtisadi siyasətin son məqsədi və əsas hədəfi kimi qəbul edilməməlidir. İqtisadi islahatların indiki mərhələsində qarşıda duran əsas vəzifə iqtisadiyyatda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən ibarət olmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə, güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF VEKTORU: 2003-2017-Cİ İLLƏR

2003-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) nominal ifadədə 9,8 dəfə, real ifadədə 3,2 dəfə artmışdır. Bu dövrdə ölkədə orta illik iqtisadi artım 9,4 faiz, o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil etmişdir. Sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər iqtisadi artımın iqtisadi inkişaf amilinə çevrilməsinə yönəldilmişdir.

İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması və sənayenin hərtərəfli inkişafının təmin edilməsi iqtisadi siyasətin öncül istiqamətlərindən biri kimi müəyyən edilib. Ölkə iqtisadiyyatında neft sektoru həlledici rol oynasa da, son illər qeyri-neft sektorunun fəaliyyətində əhəmiyyətli canlanma hiss olunur. 2003-2017-ci illərdə sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır.

İqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində özəl sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, ÜDM-də özəl bölmənin payı 2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 84 faiz olmuşdur.

Maliyyə imkanlarının artması iqtisadi inkişafın yeni mərhələsinin xarakterik xüsusiyyətlərindən biridir. Bu, özünü dövlət büdcəsinin, strateji valyuta ehtiyatlarının həcmində göstərir. Son 15 il ərzində dövlət büdcəsinin gəlirləri 16,7 dəfə artaraq, 2003-cü ildəki 1,2 mlrd. manatdan 2018-ci ildə 20,1 mlrd. manata çatmışdır. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin formalaşmasına da öz təsirini göstərməkdədir. Belə ki, 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 8,6 mlrd. manat olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 11,4 dəfə çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitlər 2003-2017-ci illər ərzində 3,8 mlrd. manatdan 16,8 mlrd. manata çatmışdır. Bu isə real ifadədə 3 dəfə artım deməkdir. Təcrübə göstərir ki, neftlə zəngin olan bir çox ölkələr əldə olunan gəlirlərdən investisiya təyinatlı deyil, cari istehlak məqsədləri üçün istifadə etdiklərinə görə rəqabətqabiliyyətli və səmərəli iqtisadiyyat qura bilməmişlər.

2003-cü illə müqayisədə 2018-ci ildə dövlət büdcəsi xərclərinin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərcləri 55,5 dəfə artaraq, 86,9 milyon manatdan 4,8 mlrd. manata çatmışdır. Bu isə genişmiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsi deməkdir.

Dünyada investisiya layihələrinin bahalaşdığı bir şəraitdə neft dollarlarının yalnız depozit şəklində saxlanılması təklifi populizmdən başqa bir şey deyil. İnfrastruktur xərcləri neft gəlirlərinin yenidən bölgüsünü təmin etməklə, eyni zamanda, təkcə bugünkü deyil, həm də gələcək nəsillər üçün yatırılan kapital kimi dəyərləndirilməlidir.

Strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq, 2002-ci ildəki 1,6 mlrd. ABŞ dollarından 2017-ci ildə 42 mlrd. ABŞ dollarına yüksəlmişdir ki, bu da ÜDM-in həcmini üstələyir. 1990-cı illərin əvvəllərində Azərbaycanın valyuta ehtiyatlarının 90-95 faizi əsasən BVF və Dünya Bankının kreditləri hesabına formalaşırdısa, indi bu ehtiyatlar əsasən ixracdan əldə edilən valyuta gəlirlərindən ibarətdir. Ölkəmizin ixrac imkanlarının artması valyuta ehtiyatlarının formalaşmasında həlledici rol oynayır.

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 25 faizdən azdır ki, bu da dünyada ən yaxşı göstəricilərdən sayılır. Qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından kritik hədd 40 faizdir.

2003-2017-ci illərdə iqtisadiyyata kredit qoyuluşları 670 milyon manatdan 11,7 mlrd. manata çatmışdır.

Biz son 15 ildə qazandığımız uğurlarla kifayətlənməməliyik. Əksinə, nailiyyətlərimiz yaxın gələcəkdə daha miqyaslı işlərin həyata keçirilməsi üçün baza rolunu oynamalıdır. İlk növbədə, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artırılmalı, insan inkişafı indeksi yüksəldilməli, ölkəmizin innovasiyalı inkişafı təmin edilməli, modernləşmə prosesinə əngəl ola biləcək institusional maneələr aradan qaldırılmalıdır.

İQTİSADİYYAT VƏ SİYASƏT

Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət iki və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli şərait yaradır.

Kommunizm barədə utopiyaların hökmran olduğu dövrdə “Siyasət iqtisadiyyatın təmərküzləşmiş ifadəsidir” tezisi sovet ideoloqları tərəfindən tez-tez səsləndirilsə də, əslində o, reallığı əks etdirmirdi. Belə ki, siyasət iqtisadiyyatın deyil, əksinə, iqtisadiyyat siyasətin təmərküzləşmiş ifadəsinə çevrilmişdir. Sosializm dövründə iqtisadiyyat büsbütün siyasiləşdirilmiş və ideologiyalaşdırılmışdı. SSRİ kimi nəhəng dövlətin iqtisadiyyatı, o cümlədən sənayesi, sosial təminat sistemi, büdcəsi, xarici ticarəti sovet ideologiyasının başlıca ehkam və oriyentirlərinə tabe etdirilərək formalaşdırılırdı. Əsas məqsədi dünyanın ayrı-ayrı ölkələrinə sosializm “ixrac” etməkdən ibarət olmuş bu “super” dövlətin iqtisadi dayaqlarını isə hərbi-sənaye kompleksi və “müttəfiq” respublikaların təbii ehtiyatları təşkil edirdi. Belə bir halda siyasi və iqtisadi sərhədlərin bir qayda olaraq “bağlı” olması ittifaq dövləti üçün heç bir problem yaratmırdı. Keçmiş SSRİ-nin dünya təsərrüfat sistemindən təcrid olunması və beynəlxalq əmək bölgüsündə iştirak etməməsi nəticəsində yaranan çətinliklər “müttəfiq” respublikaların hesabına aradan qaldırılırdı...

Tarixi inkişafın indiki mərhələsində siyasətlə iqtisadiyyatın bir-birindən ayrılması və ya onların qarşı-qarşıya qoyulması yolverilməzdir. Çünki siyasətlə iqtisadiyyat arasında sıx əlaqə mövcuddur. Belə ki, indiki dövrdə siyasətimizə iqtisadi, iqtisadiyyatımıza isə siyasi prizmadan yanaşıb qiymət verməliyik. Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, bu dövrdə iqtisadiyyat və siyasət arasında əlaqənin forma və xüsusiyyətləri də bunu bir daha təsdiq edir. Siyasət iqtisadiyyatın fövqündə dayanmadığı kimi, iqtisadiyyat da siyasətin fövqündə dayana bilməz.

Nəzərə almalıyıq ki, dünyanın inkişaf etməkdə olan bir sıra ölkələri, o cümlədən Asiya “pələngləri” iqtisadi tərəqqiyə bazar iqtisadiyyatına keçməklə nail olmuşlar. Lakin bu ölkələrdə azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında və uğurla başa çatmasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamışdır.

Ölkə rəhbərliyinin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dövlət maraqlarının qorunmasında mühüm rol oynamış, ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət imkanlarını xeyli genişləndirmişdir. Müəyyən edilmiş strategiya isə Azərbaycanın müstəqil dövlət kimi iqtisadi dayaqlarını möhkəmləndirmişdir.

Əgər ilkin mərhələdə ölkə rəhbərliyinin siyasi kursu və diplomatik fəaliyyəti iqtisadi maraqlarımızın reallaşmasına xidmət edirdisə, indi iqtisadi sahədə əldə edilən uğurlar, həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin siyasi-strateji maraqlarına xidmət etməkdədir. Bu gün Azərbaycanda iqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır və çox uğurlu bir şəkildə tamamlanır. Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyəti strateji xarakter daşıyır və Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər açır.

Dövlət quruculuğunun və iqtisadi islahatların ardıcıl həyata keçirilməsinin başlıca şərti ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasıdır. Biz hesab edirik ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti həm də sabitliyin qorunub saxlanılması naminə öz seçimini davamlı olaraq İlham Əliyevlə bağlayırlar. Ötən 15 il bu seçimin doğru olduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyev 2018-ci il martın 19-da Novruz şənliyindəki çıxışında sabitlik məsələsinə toxunaraq demişdir: “Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”6.

Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman “imkanlar pəncərəsi” kimi dəyərləndirmişlər.

Həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi quruculuq işləri, dövlət proqramlarının vaxtında icrası, strateji layihələrin uğurla başa çatdırılması İlham Əliyevin dövlət başçısı kimi yaranmış imkanlardan səmərəli istifadə edə bilmə bacarığını və məharətini nümayiş etdirdi.

Əsaslı iqtisadi dəyişikliklər hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır. Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil.

İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur: “İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar... İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük...”7.

Dünya təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və etimadı başa düşülür. Ölkəmizdə də iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında Heydər Əliyevin qətiyyəti, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır.

Keçmiş ittifaq respublikalarının əksəriyyətindən fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyətin sabitliyi və onun davamlı xarakteri təmin edilmişdir. Bir tərəfdən dövlət idarəçiliyi sahəsində sabitliyin qorunub saxlanılması, digər tərəfdən də Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatların həyata keçirilməsinə verdiyi siyasi dəstək iqtisadi transformasiya prosesinin sürətləndirilməsi və dövlət idarəetmə aparatında radikal dəyişikliklərin aparılması üçün əlverişli zəmin yaratmışdır.

İqtisadi diplomatiyanın hansı imkanlara malik olduğunu peşəkar bir səviyyədə qiymətləndirən Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı məsələlərinə böyük önəm verməsi heç də təsadüfi deyil. Cənab Prezident müsahibələrinin birində bildirmişdir: “Hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır”8. Dövlət başçısının iqtisadi məsələlərə peşəkar və kompetent yanaşması, milli maraqlarımızı hər zaman önə çəkməsi iqtisadi diplomatiyanın təsir gücünü daha da artırır.

Azərbaycan Prezidentinin ötən dövrdəki fəaliyyətinə ümumi nəzər yetirsək, ölkəmizin strateji xarakterli bir çox problemlərinin həllində onun iqtisadi diplomatiyanın imkanlarından səmərəli istifadə etdiyini görərik. İlham Əliyev bu zaman Azərbaycanın potensialını, cəlb olunduğu strateji layihələrin əhəmiyyətini, gözlənilən inkişaf perspektivlərimizi nəzərə alır.

Fikrimizcə, Azərbaycanda iqtisadi diplomatiyanın əsası neft strategiyasının hazırlanması və “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyuldu. Neft strategiyasının ardıcıl həyata keçirilməsi isə iqtisadi diplomatiya ənənələrinin inkişafına xidmət etdi. Bu sahədə Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.

Müasir dünya dövlətləri bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.

İQTİSADİ GÜC DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ TƏSİRLİ VASİTƏ KİMİ

Təxminən 30 ildir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəl

Son xəbərlər

Orphus sistemi