Abid Şərifov yanan binaya baş çəkib

Abid Şərifov yanan binaya baş çəkib "Sakinlərə öz mənzillərinin təmirində iştirak etməyə icazə verilmir"
Daxili siyasət
8 Avqust , 2015 13:16
Abid Şərifov yanan binaya baş çəkib

Baş nazirin müavini: "Sakinlərə öz mənzillərinin təmirində iştirak etməyə icazə verilmir"

Bakı. 8 avqust. REPORT.AZ/ Baş nazirin müavini, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanan binaya baş çəkib. "Report"un əməkdaşı xəbər verir ki, A.Şərifov əraziyə baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub, lazımi tapşırıqlarını çatdırıb.

Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, binanın üçüncü mərtəbəsində iki mənzil çox yüksək səviyyədə təmir olunub.

"Əsas odur ki, burada istilik, elektrik, su, rabitə xətti və digər heç bir məsələ həll olunmamış qalmayıb", - baş nazirin müavini qeyd edib.

O, binanın sentyabr ayına qədər tam hazır olacağına əmin olduğunu bildirib: "On gündən bir gəlirik, birlikdə nəzarət edirik. Mən inanmıram ki, işlər sentyabr ayına kimi yekunlaşmasın. Tam əminəm ki, gələn aya qədər hazır olacaq".

Komissiya sədrinin sözlərinə görə, binada 24 saat iş görülür. Burada ümumilikdə 400-ə yaxın şəxs çalışır: "Gecikmə ancaq havanın durumundan asılı ola bilər".

A.Şərifov, həmçinin qeyd edib ki, sakinlərə öz mənzillərinin təmirində iştirak etməyə icazə verilmir: "Burada təmirə başlamamışdan əvvəl hər bir mənzilin şəkili çəkilib. Vətəndaşların, ev sahiblərinin iştirakı ilə baxılıb, aktlaşdırılıb. Düzdür, hərənin zövqü ayrıdır. Amma onlara təmir üçün icazə verilsə, işçiləri işləməyə qoymazlar. Mənzillər "gir, yaşa" prinsipi ilə təmir olunur. Sakinlər yalnız özlərinə lazım olan paltarlarını, qab-qacağını gətirəcəklər, başqa heç nə lazım olmayacaq".

Son xəbərlər

Orphus sistemi