20 Yanvar faciəsinin ildönümü Daşkəsəndə də qeyd edilib - FOTO - VİDEO

20 Yanvar faciəsinin ildönümü Daşkəsəndə də qeyd edilib - FOTO - VİDEO Şəhidlərimizin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər keçirilib
Daxili siyasət
20 Yanvar , 2017 22:04
20 Yanvar faciəsinin ildönümü Daşkəsəndə də qeyd edilib - FOTO - VİDEO

Daşkəsən. 20 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 27-ci ildönümü bütün ölkəmizdə olduğu kimi, Daşkəsən rayonunda da dərin ehtiramla yad edilib.

"Report" xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb, yanvarın 6-dan 20-dək şəhidlərimizin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər keçirilib.

Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daha sonra Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların ehtiyac və qayğıları ilə maraqlanıb.

Anım tədbirində iştirak edən rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, sakinlər şəhid məzarlarını ziyarət edib, qəbirlərinin üzərinə tər güllər və çiçəklər qoyublar.

Ümumrayon tədbiri sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilib. Toplantı iştirakçıları tərəfindən şərgiyə baxış keçirilib.

Sonra tədbir iştirakçıları zalda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Ə. Abıyev tədbirdə çıxış edərək “20 Yanvar” faciəsini xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib: "1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilib”.

Ə. Abıyev bildirib ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

İcra başçısı yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini bildirib.

Daha sonra tədbirdə rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş və 20 Yanvar faciəsindən bəhs edən filmə baxış keçirilib.  

Son xəbərlər

Orphus sistemi