Yuxarı

Azərbaycanla Malayziya korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq edəcək

İki ölkə arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə edilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasında iştirakı ilə bağlı ölkəmizdə səfərdə olan Malayziya Krallığının baş nazirinin Aparatında nazir Pol Lou Senq Kuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Görüşdə Z.Qaralov iki xalq arasında formalaşmış zəngin tarixə malik və mühüm tərəfdaş və dost ölkə kimi ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması barədə ətraflı məlumat verib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin, o cümlədən Malayziya Krallığının Antikorrupsiya Komissiyası ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirdiyini bildirib.

Pol Lou Senq Kuan isə öz növbəsində Azərbaycanın məhkəmə, habelə prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olduğunu bildirib. Ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycan Respublikasının verdiyi dəstəyə görə Malayziya baş nazirinin təşəkkürünü diqqətə çatdıran qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov çıxış edərək, dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Malayziya Antikorrupsiya Komissiyasının Baş Komissarı Abu Kassim Mohamed ölkələrimizin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığından məmnunluğunu ifadə edərək öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri üçün mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkil olunduğunu və bu tədbirlərdə Azərbaycanlı həmkarlarının aktiv iştirakını xüsusi vurğulayıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Malayziya Antikorrupsiya Komissiyası arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması barədə razılıq əldə edilib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış və iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi