Yuxarı
    Bağlamaq

    Ombudsman 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

    25 il əvvəl törədilmiş qətliam Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın fəxr və şərəf günüdür

    Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın adından 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanat yayılıb. “Report”un xəbərinə görə, bəyanatda deyilir:

    "1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 25 il keçir. Unudulması mümkün olmayan bu qətliam, tökülən qanlar, insanlığa qarşı yönəlmiş qatı cinayət hər dəfə ağrı, qəzəb və nifrətlə yad edilir. Bu tarix təkcə acılarla yad edilməyən, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, bərabərliyi, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, suverenliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

    1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilirdi. Azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. O vaxtkı SSRİ rəhbərliyinin əmri ilə, xalqımızın etirazına cavab olaraq, Azərbaycanda genişlənən milli azadlıq hərəkatının qarşısını almaq üçün məhz cəza tədbirləri kimi bu qırğın törədildi".

    E.Süleymanova 25 il əvvəl törədilmiş qətliamı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın fəxr və şərəf günü adlandırıb: “Bu günlərdə “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənib. Həmin plana əsasən, respublikanın bütün şəhər və rayonlarında toplantı, konfrans və mühazirələrin təşkil olunması, bu tədbirlərin aparıcı KİV-də geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması nəzərdə tutulub.

    Qanlı hadisə zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin Fərmanına əsasən "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" Sərəncama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə müvafiq müavinət, həmçinin həmin ailələrə ölkə başçısının Fərmanı ilə Prezident təqaüdü verilir.

    Xalqımızın milli oyanışını, torpaqlarımızın bölünməzliyi uğrunda mübarizliyini məhv etmək planının tərkib hissəsi olan 20 Yanvar qırğını konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin iradəsini qıra bilmədi. Bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndi.

    Bəyanatda Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinə də toxunulub. Qeyd edilir ki, 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması işinin davam etdirilir. 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza vardır. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövlətinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

    Həmçinin bəyanatın BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlandığı qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi