Yuxarı

​Bahar Muradova: “Status-kvonun saxlanması Ermənistandan başqa heç kimi qane etmir”

Tbilisidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb

Tbilisi. 1 iyul. REPORT. AZ/ Tbilisidə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, iclasda ATƏT PA-nın 25-ci sessiyasının və komitə iclaslarının gündəliyi, görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub, məruzələr və hesabatlar dinlənilib.

Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iclasda müzakirə olunan məsələlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə ətrafında gedən müzakirələrdə çıxış edib.

B.Muradova jurnalistlərə müsahibəsində deyib: “Biz Azərbaycan nümayəndə heyəti olaraq komitə iclaslarında və sessiyalarda müzakirə olunan məsələləri daim diqqətdə saxlayırıq. Azərbaycan ilə bağlı bütün məsələlərə aydınlıq gətiririk. Bugünkü komitə iclasında da, ATƏT sədrinin məruzəçisi Dağlıq Qarabağ münaqişəsi, məlum aprel hadisələri barədə qısa məlumat verdi. Lakin, mən, komitə üzvlərinin məsələ ilə bağlı daha dolğun məlumatlandırılmasını vacib saydım. Aprel hadisələrinin səbəbləri və nəticələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarının bəzi detalları barədə məlumat verdim. Bildirdim ki, mövcud status-kvo Ermənistandan başqa heç kimi qane etmir. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi, problemin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir, müxtəlif addımlar atır”.

B.Muradova, eyni zamanda, atılacaq bütün addımların ATƏT-in bütün institutları ilə bərabər səviyyədə koordinasiya olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, sülh danışıqlarının davam etdiyi bir vaxtda tərəflərin hərəkətlərində müəyyən dəyişikliklər edilməlidir. 

B.Muradova Azərbaycan tərəfinin problemin sülh yolu ilə həllinə dəstək verdiyi diqqətə çatdırıb: “Mən Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırdım və ərazilərimizin mərhələli şəkildə olsa da işğaldan azad edilməsinə tərəfdarı olduğumuzu diqqətə çatdırdım. Bildirdim ki, Ermənistan tərəfi bunu da birmənalı şəkildə rədd edərək, danışıqlar prosesini əngəlləyir”.

Mili Məclis sədrinin müavini bütün bunların aradan qaldırılması, ümumi prosesə təkan verilməsi üçün ATƏT-in bütün institutlarının bərabər və səmərəli şəkildə işləməsinin vacibliyi vurğulayıb.

B.Muradovanın çıxışı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin ruhuna uyğun mövqe kimi dəyərləndirilib və nümayəndə heyətləri tərəfindən dəstəklənib.

Ermənistan tərəfi isə yenə də heç bir fakta əsaslanmayan fikirlər səsləndirib. Onların çıxışları ciddi qarşılanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi