Beynəlxalq Sərgilər Bürosunun Azərbaycanın "Ekspo 2025"ə namizədliyi ilə bağlı rəyi açıqlanıb

Beynəlxalq Sərgilər Bürosunun Azərbaycanın "Ekspo 2025"ə namizədliyi ilə bağlı rəyi açıqlanıb Bakı. 15 may. REPORT.AZ/ Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsinin mayın 4-də keçirilmiş iclasının ümumi hesabatı dərc edilib.
Sərgilər
15 May , 2018 15:51
Beynəlxalq Sərgilər Bürosunun Azərbaycanın Ekspo 2025ə namizədliyi ilə bağlı rəyi açıqlanıb
Report

Bakı. 15 may. REPORT.AZ/ Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsinin mayın 4-də keçirilmiş iclasının ümumi hesabatı dərc edilib. 

"Bakı Ekspo 2025"in Əməliyyat Katibliyindən "Report"a verilən məlumata görə, hesabata Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyi məqsədilə Azərbaycanda səfərdə olmuş BSB-nin qiymətləndirmə missiyasının rəyi də daxil edilib.

2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu Bakı şəhərinin növbəti mərhələyə keçdiyini və finala doğru irəliləməkdə olduğunu qürurla bildirir. Bu ilin noyabrında Parisdə təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında üzv dövlətlər 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: “Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq”.

Qiymətləndirmə Missiyası ölkə səviyyəsində sərgiyə ev sahibliyi ilə bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə üst-üstə düşməsini də qeyd edib. Həmçinin “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırki iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim etməsinin məqsədəuyğun olduğu da bildirilib. Qeyd edilib ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə son dərəcə uyğun olduğunu və iştirakçıların cəlb edilməsi üçün güclü potensial təşkil edə biləcəyini güman edir.

Azərbaycanın maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun sədri Samir Şərifov deyib: “Biz Beynəlxalq Sərgilər Bürosunun İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına təklifimizlə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edirik. Gələn ay Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçiriləcək 163-cü sessiyası zamanı Beynəlxalq Sərgilər Bürosunun üzvlərinə Bakı şəhərinin namizədliyi ilə bağlı planlarımızı təqdim etməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, 18 il ərzində BSB-nin 6 Ekspo sərgilərində öz pavilyonları ilə fəal iştirak etmiş və pavilyonlarının yüksək keyfiyyətlərinə görə 3 mükafat qazanmış Azərbaycan Ekspo Hərəkatına güclü bağlılıq nümayiş etdirir. Əgər Bakı şəhərinin namizədliyi seçilərsə, "Ekspo 2025" ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcək. Bu, bütöv regionda təşkil ediləcək BSB-nin ilk ümumdünya Ekspo sərgisi olacaq.

Son xəbərlər

Orphus sistemi