Yuxarı

Ukraynaya növbəti partiya Azərbaycan metanolu çatdırılıb

​Ukraynaya növbəti partiya Azərbaycan metanolu ixrac olunub

Avqustun 22-də Ukraynanın “Ukrqazdobıça” şirkəti üçün növbəti 3 min ton həcmində Azərbaycanda istehsal olunan metanol Qara dəniz yanacaq terminalına çatdırılıb.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, Azərbaycan metanolu Türkiyə bayrağı altında üzən “Alahan” tankeri ilə nəql olunub.

Metanol tankerə avqustun 16-da Kulevi limanında (Gürcüstan, Qara dəniz) yüklənib.

Qeyd edək ki, metanol SOCAR-la “Ukrqazdobıça” arasında illik 15 min ton həcmdə metanolun tədarükü ilə bağlı müqavilə çərçivəsində nəql olunur. Ötən gün çatdırılan metanol ikinci partiyadır. İlk 3 min ton həcmində metanol iyunun əvvəlində tədarük edilib.

Azərbaycanda metanol istehsalı SOCAR-ın Qaradağ rayonunda yerləşən Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi