​Ucqar dağ rayonlarında güzəştli kreditlər hesabına iri müəssisələr yaradılır

​Ucqar dağ rayonlarında güzəştli kreditlər hesabına iri müəssisələr yaradılır 2015-ci ilin ötən dövrü ərzində 583 sahibkara 12,6 mln. manat güzəştli kredit verilib
Sənaye
19 Fevral , 2015 19:58
​Ucqar dağ rayonlarında güzəştli kreditlər hesabına iri müəssisələr yaradılır

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Sahibkarlığa Kömək Milli Fondu Lerik rayonunun Hamarmeşə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə və corab istehsalı, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 583 sahibkara 12,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 189 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Ş.Abdullayev deyib ki, kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditləri daha asan almaları və fermerlər arasında kooperasiya münasibətlərini inkişaf etdirmək məqsədilə bank olmayan kredit təşkilatları ilə əməkdaşlıq genişləndirilir. Bununla əlaqədar olaraq, forumda iştirak edən Lerik rayonunda fəaliyyət göstərən bank olmayan kredit təşkilatının Fondla əməkdaşlıqla bağlı müraciətinə qanunvericiliyə uyğun baxılacağı bildirilib.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 507,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Qeyd edək ki, forum çərçivəsində Lerikdə güzəştli kredit ayrılmış çörək, süfrə suları istehsalı müəssisələrinə və quşçuluq fabrikinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi