Yuxarı
    Bağlamaq

    Sumqayıt Karbamid Zavodu layihəsində təchizat işlərinin 84%-i həyata keçirilib

    Layihə çərçivəsində mexaniki işlər bu ilin IV rübündə başa çatacaq

    Bakı. 12 aprel. REPORT.AZ/ Sumqayıtda həyata keçirilən SOCAR Karbamid Zavodu layihəsində təchizat işlərinin 84%-i həyata keçirilib. "Report" xəbər verir ki, bunu Azərbaycan Iqtisadiyyat Nazirliyi və SOCAR-ın təşkilatçılığı ilə bu gün Bakıda keçirilən "Sənayenin inkişafına dövlət dəstəyi" adlı tədbirdə "Samsung Engineering Co. Ltd." şirkətinin nümayəndəsi Noh Eichul bildirib. 

    Onun sözlərinə görə, tikinti işlərinin 13%-i görülüb. "Samsung" şirkətinin nümayəndəsi qeyd edib ki, layihə çərçivəsində mexaniki işlər bu ilin IV rübündə başa çatacaq: "Karbamid Zavodu layihəsi çərçivəsində bütün işlərin 60%-i görülüb". 

    Karbamid Zavodunun direktoru Xəyal Cəfərov isə bildirib ki, mühəndislik və alqı-satqı işləri görülüb. Onun sözlərinə görə, tikinti materiallarının hamısı Azərbaycandan alınıb. Zavodun direktoru əlavə edib ki, hazırda burada 600 nəfər çalışır ki, onların cəmi 40-50 nəfəri xarici vətəndaşdır. Pik mərhələdə işçilərin sayı 2 000 nəfərə çatacaq. 

    Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering" (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. 

    Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək. Layihənin dəyəri (vergilər nəzərə alınmadan) 500 mln. avro təşkil edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi