STP-nin məhsulları Rusiya bazarına çıxarıla bilər

STP-nin məhsulları Rusiya bazarına çıxarıla bilər Qonşu ölkədən gələn nümayəndə heyəti parkla tanış olub
Sənaye
31 Oktyabr , 2016 18:41
STP-nin məhsulları Rusiya bazarına çıxarıla bilər

Bakı. 31 oktyabr. REPORT.AZ/ Sabah Bakıda keçiriləcək VII Azərbaycan – Rusiya Regionlararası forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sankt-Peterburq şəhərindən nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub. 

Bu barədə "Report"a STP-dən bildirilib.

Parkın nümayəndəsi Əli Məmmədov qonaqlara ölkə prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildən fəaliyyət göstərən STP-də yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. 

STP-nin tərkibində fəaliyyət göstərən ilk müəssisələrdən biri - Kabel zavodu regionun ən böyük kabel istehsalçısıdır. Burada istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarda satışa çıxarılır. Ən qabaqcıl texnologiyaların quraşdırıldığı zavodda 25000 çeşiddə məhsul istehsal olunur. Müəssisədə həmçinin optik rabitə kabelləri də hazırlanır.

Qonaqlar Maşınqayırma zavodunda istehsal olunan tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar yaxından tanış olublar. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, zavodun kran təmiri və istehsalı kimi fəaliyyət sahələri var. Bu müəssisədə 200 tona qədər kranlar istehsal oluna bilər.

Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 17 zavod işə salınıb və qısa bir zamanda üç müəssisə də açılacaq. Sumqayıt texnoparkı bütövlükdə əsasən ixrac məhsulları istehsal edən 30 zavod və müəssisəni birləşdirəcək və burada 10 mindən artıq insan işləyəcəkr. 2012-ci ildə STP iki beynəlxalq İSO standartı alıb ki, bu da texnoparkın məhsullarının dünya bazarına çıxarılmasına imkan yaradıb.

Daha sonra rusiyalı qonaqlarla gələcəkdə STP-nin məhsullarının Sankt Peterburq bazarına çıxarılması perspektivləri, əməkdaşlıq əlaqələri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi