Yuxarı

“SOCAR Turkey" ixrac marşrutlarını dəyişdirib

​“SOCAR Turkey" ixrac marşrutlarını dəyişdirib

Koronavirus pandemiyasının yayılmasına görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki neft-kimya məhsullarının (bu məhsullar əsas payı SOCAR-a məxsus olan “Petkim”də istehsal olunur- REP.) ixrac marşrutlarını Avropa bazarından şərq bazarlarına istiqamətləndirib.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

“Neft-kimya məhsullarımızın 50%-ni Almaniya, İtaliya və İspaniya başda olmaqla, Avropa ölkələrinə ixrac edirdik. Amma bu ölkələr pandemiyadan ən çox zərər görən ölkələr arasındadır. Buna görə də bizim ixrac marşrutumuz dəyişdirilib”, - Z.Qəhrəmanov deyib.

O qeyd edib ki, neft-kimya məhsullarının ixracı şərq bazarlarına yönəldilib: “Ümid edirik ki, koronavirus bitdikdən sonra əvvəlki bazarlarımıza geri dönə bilərik. Amma bu müddətdə alternativ yollar tapmalıyıq. Yeni dünyada yaşayırıq. Koronavirusdan sonra iqtisadi və siyasi cəhətdən çox yeni bir dünyada yaşayacağıq. Biz buna hazır olmalıyıq”.

O xatırladıb ki, SOCAR Türkiyədə enerjinin bütün sahələrində fəaliyyət göstərir: “Bütün sahələrdə COVID-19 pandemiyasının təsiri var. Təbii qaz sahəsində bir az daha fərqli mənzərə yaşanır. Sənayedə təbii qaz istehlakı azalsa da, insanlar evdə olduğu və qaz istifadə etdiyi üçün tarazlıq meydana çıxır. Neft-kimya sahəsinə nəzər salsaq, son günlərdə tibbi ləvazimatlar istehsalçılarının xammal tələbatının artdığını görərik”.

Z.Qəhrəmanov qeyd edib ki, indiyədək bu tələbatın hamısını “Petkim” təmin edib və bundan sonra da ehtiyacı ödəməyə davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi