Yuxarı
    Bağlamaq

    SOCAR-ın Sumqayıt Təlim-Tədris Mərkəzində müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı istifadəyə verilib

    Otağı Yaponiyanın “Yokogawa Electric Corporation” şirkəti qurub© Report.az

    Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində müasir texnologiyalarına görə dünyada tanınmış Yaponiyanın “Yokogawa Electric Corporation” şirkətinin (“Yokogawa Electric CİS Ltd” - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılış mərasimi keçirilib.

    “Report” xəbər verir ki, mərasimdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Yaponiyanın Azərbaycandakı səfirinin birinci katibi Usuin və digər şəxslər iştirak ediblər.

    “Yokogawa” şirkəti Rusiya nümayəndəliyinin baş direktoru Vladimir Savelyevin rəhbərliyi ilə 5 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.

    Bu gün istifadəyə verilən və müvafiq avadanlıqlarla təchiz olunan otaq Avtomatik idarəetmə sistemləri üzrə təlimlərinin aparılması, proqram təminatı, həmçinin "CENTUM" və "ProSafe" sistemləri üzrə təlimlərin keçirilməsi məqsədi üçün nəzərdə tutulub.

    SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov bildirib ki, təlimlərdə “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun bu sistemin 2013-cü ildən bəri tətbiq olunduğu Buxar Generator Kompleksində, modernizasiya işləri çərçivəsində “EP-300” qurğusunda “Yokogawa” şirkəti tərəfindən quraşdırılacaq idarəetmə sistemlərində, həmçinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bitum qurğusunda, “SOCAR-Polymer” MMC-nin polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında çalışacaq mühəndislər və operatorlar iştirak edəcəklər: “Bunda da əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin gücləndirilməsidir. İndiyədək Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən “SOCAR Polymer” MMC və Karbamid zavodu üçün fəhlə kadrları hazırlanıb. Növbəti ildən onlar istehsal sahələrində çalışmağa başlayacaqlar. Bununla yanaşı, nəzarət ölçü cihazları və istehsal proseslərinin avtomatlaşdırılması ilə əlaqədar yeni texnika və texnologiyaların tətbiqi üçün mühəndis-texniki işçilər ixtisasartırma kurslarına cəlb olunmalıdırlar. Bununla bağlı “Yokogawa” şirkətinin təklifi dəyərləndirilib və Sumqayıt Təlim-Tədris Mərkəzində istehsal proseslərinin avtomatlaşdırılması ilə bağlı ən müasir stend yaradılıb”.

    O qeyd edib ki, yapon şirkəti ilə təlim-tədris sahəsində əməkdaşlıq daha böyük sferada davam etdiriləcək.

    Mərasimdə çıxış edən X.Məmmədov bildirib ki, “Azərikimya” İB dirçəliş dövrünü yaşayır. O qeyd edib ki, “Yokogawa” şirkəti Sumqayıt Kimya Sənaye Parkında inşa olunan “SOCAR Polymer” layihəsində və digər layihələrdə tenderin qalibi olub: “Tender udan, layihədə iştirak edən şirkət olaraq “Yokogawa” şirkətinin həm də kadrları hazırlamağa diqqət yetirməsi yaxşı haldır”.

    "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun direktoru Oqtay Niftəliyev bildirib ki, “Yokogawa” şirkəti ilə “Azərikimya” İB-nin sıx əlaqələri var: “Bu şirkət 2013-cü ildə zavodun Buxar Generator Kompleksində avtomatik idarəetmə sistemini qurub. Lakin bu sistemlərin idarə edilməsində mütəxəssis hazırlığı və bu sistemlərə müdaxilə problemi var idi. Bu gün bu otağın istifadəyə verilməsi zavodun kadrlarının burada hazırlanmasına yardım edəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi