Sənaye parkları qeyri-neft sektorunun inkişafında əlverişli mexanizmdir

Sənaye parkları qeyri-neft sektorunun inkişafında əlverişli mexanizmdir Ölkəmiz üçün əsas prioritetlərdən olan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də sənayenin, xüsusilə qeyri-neft sənayesinin inkişafıdır.
Sənaye
512
15 Sentyabr , 2021 17:03
Sənaye parkları qeyri-neft sektorunun inkişafında əlverişli mexanizmdir

Ölkəmiz üçün əsas prioritetlərdən olan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də sənayenin, xüsusilə qeyri-neft sənayesinin inkişafıdır. Bu baxımdan sənayenin müasir texnologiyaların, qabaqcıl təcrübənin və yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye parkları innovativ müəssisələrin qurulmasına, sahibkarlığın daha geniş miqyasda dəstəklənməsinə, idxalın əvəz olunmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın azaldılmasına yeni imkanlar açır.

"Report" xəbər verir ki, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlət başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır.

Sənaye parklarında ümumi qoyulacaq investisiyaların həcmi 3,8 milyard ABŞ dollarından çox olan 53 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu günədək rezidentlər tərəfindən 3,6 milyard ABŞ dollarından artıq sərmayə yatırılıb, 37 rezident fəaliyyətə başlayıb, 9 min nəfərə yaxın insan daimi işlə təmin edilib. Növbəti mərhələdə 415 milyon manat sərmayə qoyuluşu, 1 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkları üzrə ümumilikdə, 4,2 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatlıq hissəsini və ya təxminən 26 %-ni ixrac təşkil edir.

Sənaye parklarında məhsul istehsalı və ixracı artır

Sənaye parklarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin I yarısında sənaye parklarının rezidentləri tərəfindən 580 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin birinci yarımilliyində 45 % çox, yəni 841 milyon manatlıq məhsul istehsal edilib. Həmçinin, 2020-ci ilin I yarısında sənaye parklarının rezidentləri tərəfindən 195 milyon manatlıq məhsul ixrac olunmuşdusa, 2021-ci ilin I yarısında 270 milyon manatlıq (38 % çox) ixrac həyata keçirilib. 2021-ci ilin birinci yarısında sənaye parklarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 12,2 %, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 22 % təşkil edib. Sənaye parkları üzrə qoyulmuş investisiyaların sənayenin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 2021-ci ilin I yarısında 13,4 % olub.

Qeyd edək ki, sənaye parklarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə - Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada, İsrail və İspaniya kimi ölkələrə ixrac edilib.

Pandemiyaya baxmayaraq, yeni müəssisələr fəaliyyətə başlayır, yeni növ məhsullar istehsal edilir

Pandemiya şəraitinə baxmayaraq, sənaye parklarında işlər uğurla davam etdirilib. Belə ki, 2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkında 5 sahibkarlıq subyektinə - qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasını həyata keçirəcək “Azmonbat” MMC, tibbi maskaların istehsalını həyata keçirən “Bakı Tekstil Fabriki” MMC, müxtəlif çeşidli rəngli şüşə tara məhsullarını istehsal edəcək “Glassica” QSC, sulfat turşusunu istehsal edəcək “Azərsulfat” MMC, “Polimer materialların emalı” layihəsini həyata keçirəcək “Novus Plastica” MMC-yə rezidentlik statusu verilib. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən yeni növ məhsulların istehsalına başlanılıb, ixrac imkanları genişləndirilib və əlavə iş yerləri yaradılıb.

2020-ci il aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin və 2021-ci il yanvarın 18-də “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub, “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub.

Bu il sentyabrın 3-də isə Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub. “Azmonbat”da istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Sənaye parklarında fəaliyyət göstərən müəssisələr yeni iş yerlərinin yaradılması, istehsalın genişləndirilməsi, ölkəmizin məhsullarının dünya bazarlarına çıxarılması baxımından mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi