Yuxarı

"Şəhər içində şəhər", azərbaycanlı istehsalat rəhbəri və Ukraynanın 60 yaşlı avtonəhəngi - REPORTAJ

Dövlət dəstəyi olmasa, AvtoKrAZ fəaliyyətini dayandıra bilər

Kremençuq. 15 noyabr. REPORT.AZ/ Poltavadakı "Ukrayna" otelinə çataraq, telefonumu internetə yenicə qoşmuşdum ki, votsapda mesaj gördüm. "AvtoKrAZ" Özəl Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dina Steqantseva idi. Yazırdı ki, səhər tezdən taksi qaldığınız otelin qarşısında olacaq...  Hələ uşaq vaxtlarımdan gördüyüm maşınları istehsal edən zavoda yollanacaqdım. İlk dəfə nəhəng müəssisədə olmaq istəyi erkən ayağa qalxıb Kremençuqadək tanımadığım insanlarla 100 km-dən çox yol qət etməyin çətinliklərinə güc gəldi.

Şəhər içində şəhər

Vəd olunan vaxtda taksi otelin qarşısında idi. Üç yoldaşla tanışlıqdan sonra başlanan söhbət o qədər maraqlı alındı ki, yarıtəmirli-yarıtəmirsiz, ətrafı düzənlik sahələrdən ibarət uzun yolu nə vaxt qət etdiyimi bilmədim. Bir də gördüm ki, artıq zavodun qarşısındayıq və yolboyu sürücüyə tez-tez zəng edərək, harada olduğumuzu soruşan Steqantseva bizi qarşılamağa çıxıb.

Azərbaycanda görməyə alışdığımızın əksinə, AvtoKraz-ın çölü də içərisi kimi idi. Bu il 60 yaşını qeyd edən zavodda çoxdandır təmir işlərinin aparılmadığı hiss olunurdu. Amma ərazinin ucu-bucağı görünmürdü. "Bura şəhər içində şəhərdir. Ümumi ərazisi 140 hektar, tikili sahəsi 600 min kvadratmetrdir. Yaxın 3 saat ərzində çalışacağam ki, sizi zavodla tanış edim" deyən Steqantseva 14 ildir zavodda, 10 ildir hazırkı vəzifədə çalışdığını bildirir.

Direktorun azərbaycanlı müavini

Kiçik, amma səliqəli otağına daxil oluruq. Yeməkxanalarında hazırlanmış müxtəlif çeşidli piroqlarla çaya qonaq etdiyi vaxt otağa ortayaşlı kişi daxil olur. Steqantseva məni onunla tanış edir: "Bu, həmyerliniz Yavər Gəncimovdir. 32 ildir zavodumuzda çalışır, hazırda direktorun istehsalat üzrə iki müavinindən biridir".

Gəncimov 1962-ci ildə Qəbələdə doğulub. Hərbi xidmətini başa vurduqdan sonra Mixail Ostroqradski adına Kremençuq Milli Universitetində təhsil alıb. 1986-cı ildən bu şəhərdə yaşayan Gəncimov zavodda 32 il ərzində adi işçidən hazırkı vəzifəsinədək yüksəlməyi bacarıb. Azərbaycanca çətinliklə danışan direktor müavini imkan düşdükcə Vətənə baş çəkdiyini də bildirir.

O və mətbuat katibi ilə birgə zavodla tanışlığa başlayırıq.

20 min detal, 4500 dəzgah

Steqantseva əvvəlcə zavodun tarixi barədə qısa məlumat verir. Bildirir ki, 1999-cu il aprelin 21-də AvtoKrAZ ukraynalı milyarder, hazırda Ukrayna Ali Radasının deputatı olan Konstantin Jevaqo tərəfindən alınıb. Zavodun baş direktoru Roman Çernyakdır. Jevaqo həm də "Vorskla" klubunun fəxri prezidenti, Çernyak isə prezidentidir.

Gəncimov deyir ki, AvtoKrAZ mülki və xüsusi təyinatlı yük avtomobillərinin, ehtiyat hissələrinin, qoşqu və yarımqoşquların istehsalçısı və tədarükçüsüdür. Burada 20 mindən çox detal buraxılır. Həmin detallar əsasında konveyerlərdə maşınlar hazırlanır. O, rəhbərlik etdiyi sahədə 4500 dəzgahın olduğunu da əlavə edir. Direktor müavini məni həmin detallarla və onların əsasında hazırlanan maşınlarla, onların iş prinsipləri ilə tanış edir. Gəncimov hazırda 60-dək tədarükçülərinin olduğunu söyləyərək, Ukrayna iqtisadiyyatına bu yolla da xeyir verməyə qadir olduqlarını vurğulayır. Maşınların hazırlanma prosesi ilə əyani tanış oluruq. O bildirir ki, sifarişi aldıqdan sonra 45 gün ərzində avtomobili istehsal etməyə qadirdirlər.

Poliqonda hərbi maşın nümayişi

Zavod ərazisində xeyli avtomobil markasına rast gəlmək olar. Onların arasında hərbi təmayüllü maşınlar xüsusi diqqət çəkir. Bunlardan biri müxtəlif ölkələrin silahlı qüvvələrində olan "KrAZ-6322"dir. Onun bazasında hərbi ehtiyaclar üçün çoxlu xüsusi maşınlar hazırlanıb. Bu markanın özəlliyi ondadır ki, mina sahəsinin üzərindən keçəndə 1,5 metr uzunluğundakı kapotu öz ekipajını qoruya bilir.

Onu zavodun poliqonunda əyani nümayiş etdirirlər. Sürücü 1 metrdən çox hündürlükdəki maneələri, dərin süni gölləri və 60 dərəcə bucaq hündürlüyündə olan yüksəkliyi keçib qarşımızda dayanır. Bu dəfə özüm də onun yanında əyləşirəm və çətin maneələri birgə dəf etməyə başlayırıq. Yüksəkliyə qalxarkən, qarşımızda səmadan başqa heç nə görünmür. Bunun təhlükəli olduğunu anlasam da, özümə də maraqlı gəldiyi üçün qalxmaqdan imtina etmirəm. Daha sonra dərin gölü keçməli oluruq. Hərbi xidmət zamanı Goran poliqonunda keçdiyimiz təlimlər göz önünə gəlir. Amma həmin vaxt belə çətin maneələri dəf etdiyimizi xatırlamıram. Doğrudan da bu, əsl döyüş, təlim maşını idi!

"Deyirik ki, başqa ölkələrdən eynisini almayın, bizimkiləri götürün"

Steqantseva üzləşdikləri problemlərə də diqqət çəkir. O bildirir ki, istehsal etdikləri maşınlarla Ukrayna iqtisadiyyatına istənilən səviyyədə fayda verə bilmirlər. Hərçənd, hərbi, kommunal, yol infrastrukturu və digər sahələr üçün ayda 5000-dək avtomobil istehsal etməyə qadirdirlər: "İlk növbədə, insanlar üçün çalışır, onlara əmək haqqı ödəyirik. Təkcə hər satılan maşından 100 min qrivna büdcə puluna gedir, elə bu qədər də əmək haqqına sərf olunur. Üstəlik, tədarükçülərimizi işlə təmin edirik. Statistikaya əsasən, maşınqayırma sahəsində çalışan hər bir şəxs digər sahədəki 6 nəfəri işlə təmin edir. Vaxt olub ki, günə 120 avtomobil istehsal etmişik. İndi isə aylıq istehsalımız 60 maşına enib. 

Hazırkı situasiyada bu cür müəssisə böyük həcmdə maşınlar istehsal etməyə qadir olduğu halda, dövlət xarici maşınların alınmasına dollarlar sərf edirsə, bu, düzgün mövqe deyil. Çünki özümüzdə dollar çatışmır. Xaricdən aldığınızı biz özümüz istehsal edirik də... Deyirik ki, başqa ölkələrdən eynisini almayın, bizimkiləri götürün. Belarus iqtisadiyyatı və pensiyaçılarına sponsorluq etməyin. Müharibə aparırsınız, bizim maşınlardan alın. Lakin bunu etmək istəmirlər. Çünki onların öz maraqları var. Hərəsi öz şəxsi biznesini inkişaf etdirmək istəyir".

Hazırda çətin durumda olduqlarını deyən AvtoKrAZ rəsmisi Ukraynanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi kimi qurumların onlardan tədarükü azaltdıqlarını da vurğulayır. Onun sözlərinə görə, dövlət qurumları tenderləri qapalı edirlər: "Büdcə vəsaitlərini şəxsi ehtiyaclarına sərf edirlər. Onlar 2014-cü ildə ölkəmiz müharibə apardığı vaxt bizdən istənilən maşını verməyimizi xahiş edirdilər. Həmin vaxt müxtəlif ölkələrə satmaq üçün nəzərdə tutduğumuz maşınları hərbi rənglərlə maskalayaraq, öz hərbçilərimizə verirdik. 

Tədarükçülərimizə isə sifarişlərini vaxtında yerinə yetirmədiyimiz üçün cərimə ödəyirdik. Həmin il bizdən 600, 2015-ci ildə isə 650 maşın almışdılarsa, ötən il bu rəqəm 200 oldu. Yəni, artıq onlar varlanaraq bura xarici texnikaları cəlb etdilər. Büdcə vəsaitləri bilinmir ki, hara gedir. Bu maşınlar xarici ölkələrin silahlı qüvvələrində olduqları halda, özümüzünkülərin laqeyd yanaşması absurddur. Hərçənd, öz əsgərlərimiz maşınlarımıza çox yaxşı münasibət göstərirlər. Məsələn, elə sizin də sınaqdan çıxardığınız maşın mina partlayışı nəticəsində ekipajı xilas etməyə qadirdir".

AvtoKrAZ-ın yüksək istehsal gücü, texnologiyası, kadr potensialının olduğunu deyən həmkarımız Ukraynada zavodla birgə yük avtomobilqayırmasının da hazırkı böhran şəraitdə məhvini istəmədiklərini vurğulayır.

Azərbaycana tədarük niyə kəskin azalıb?

AvtoKrAZ-ın Azərbaycanla əlaqələri ilə də maraqlanıram. Zavod rəsmisi deyir ki, 2015-ci ildə ölkəmizə cəmi 1 maşın tədarük ediblər. Son iki ildə isə ümumiyyətlə, sifariş almayıblar. Halbuki 2006-cı ildə onlar Azərbaycana 125, 2007-ci ildə 90, 2008-ci ildə 113 avtomobil satıblar. Sonuncu dəfə ikirəqəmli satış 2012-ci ildə olub - 29 maşın. Növbəti iki ildə tədarük kəskin şəkildə azalaraq, əvvəlcə 7-yə, daha sonra 5-ə enib. Son 16 ildə tədarük olunmuş 470 avtomobildən 102-si "KrAZ 65101-100" markalı yük maşınları olub.

Bu zavodun Azərbaycandakı çoxillik tərəfdaşı isə "Azneftmaş" ASC-dir. Steqantsevanın sözlərinə görə, "Azneftmaş" AvtoKrAZ-ın şassiləri üzərində ölkənin neft-qaz kompleksi üçün müxtəlif qurğular quraşdırıb: "Məsələn, 2013-cü ildə ağır qaldırıcı UP-80 / UP-100 "Ruslan" qurğuları alınıb. Bu qurğular 5000 metr dərinlikdəki neft və qaz quyularında cari və əsaslı təmir aparılması üçün nəzərdə tutulub. KrAZ-ın Azərbaycandakı ənənəvi tələbatçıları müxtəlif maşınqayırma müəssisələri olub. Onlar KrAZ-lardan neft-qaz kompleksi üçün müxtəlif qurğuların quraşdırılması məqsədilə yararlanırlar və bu texnikanı yüksək yük qaldırıcılığı, quraşdırılmasındakı etibarlılıq, xidmətin sadəliyi, təmirə gərəkliliyi səbəbindən alıblar".  

Satışın kəskin azalma səbəbini bilmədiklərini deyən zavod əməkdaşları siyasi amillərin təsirini də istisna etmirlər.

"Bu çətinlikləri də dəf edəcəyik"

Buradan çıxaraq, zavodun Təlim-Tədris Mərkəzinə daxil oluruq. Əyani vəsaitlərlə təchiz olunmuş otaqda dərs gedir. Müəllim isə AvtoKrAZ-ın artıq istefada olan keçmiş əməkdaşıdır. İndi o, öz bilik və bacarıqlarını gənclərə öyrədir.

Ən sonda isə zavodun yeməkxanası və şadlıq evinə baş çəkirik. Şadlıq evi təkcə öz əməkdaşları üçün deyil, hər kəs üçün açıqdır. Buranın dəblə bəzədilmiş zalı, səhnəsi, musiqi alətləri var. Yeməkxanasında isə işçilər üçün müxtəlif yeməklər bişirilir. Artıq nahar vaxtı olduğundan, məni də yeməyə qonaq edirlər. Steqantseva deyir ki, zavodun ərazisində müxtəlif meyvə-tərəvəz məhsullarının yetişdirildiyi əkin-biçin sahəsi də mövcuddur. Elə ərzaqların bir çoxu da oradan əldə olunur. Hətta qıtığotu ("xren") kökündən hazırlanan arağadək...

Zavodla tanışlığımız, beləcə, başa çatır. Sağollaşıb "Şəhər içində şəhər"dən ayrılıram. Doğrusu, ikili hisslərlə. Bir tərəfdən, həyatımda ilk dəfə belə böyük bir zavodu gəzib-dolaşmağımdan məmnunluq, digər tərəfdən, elə Ukrayna kimi onun böyük zavodunun da ağır günlər yaşamasının üzüntüsü mənə hakim kəsilir. AvtoKrAZ-ın gələcəyinə dair nikbinlik yaradan isə Steqantsevanın bu sözləri olur: "Gərgin situasiyadır, lakin biz dözürük. Zavodumuz 60 il ərzində bu cür vəziyyətlərlə çox üzləşib. Bankrot da edilib, 9 törəmə müəssisəyə də bölünüb. Bunlar müvəqqəti çətinliklərdir. Biz bərkimiş zavoduq. Hər şeyin sıfırdan yığıldığı milli istehsalçını qəbirə qoymaq asan deyil. Bu çətinlikləri də dəf edəcəyik". 

Elşən MƏMMƏDOV / Bakı - Kremençuq - Bakı

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi