Şahin Mustafayev: "Sənaye layihələri çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq"

Şahin Mustafayev: "Sənaye layihələri çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq" Nazir: "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" SKSP-da ferroərintilər zavodu inşa edir"
Sənaye
20 Dekabr , 2016 14:13
Şahin Mustafayev: Sənaye layihələri çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakıda “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində qeyri-neft sənayesi 5% artıb: “Biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar davam etdirilir və təşviq mexanizmlərinin tətbiqinə başlanılıb. Bu ilin mayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50%-i sənaye sahəsinə aiddir. Sözügedən layihələr çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq”.

Ş.Mustafayevin sözlərinə görə, hazırda təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən 9 müəssisə yaradılır: “Onların bir neçəsi 2017-ci ildə fəaliyyətə başlayacaq. “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” də SKSP-nin rezidentlərindəndir və hazırda sənaye parkında ferroərintilər zavodu inşa edir. Zavod 2018-ci ildə istifadəyə veriləcək. Metallurgiya sənayesinin inkişafı məqsədilə ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, Azərbaycanın metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür”.

İtaliyanın “Danieli”şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Canpyetro Benedetti (Gianpietro Benedetti) Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib: “Son zamanlar Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirirəm. Metallurgiya kompleksi layihəsinin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. Yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleks unikal, xərclər və keyfiyyət baxımından da səmərəli olacaq”. 

Tədbirdə sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.

Son xəbərlər

Orphus sistemi