Yuxarı

Şahin Mustafayev Rusiyanın Həştərxan vilayəti hökumətinin sədri ilə görüşüb

Görüşdə iqtisadi sahədə Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb

Bakı. 26 may. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ş.Mustafayev qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulan Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir, ölkələrimizin iqtisadi və ticarət sahəsində əməkdaşlığını əks etdirən göstəricilər artır. Bununla belə, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan Rusiyanın regionları, o cümlədən Həştərxan vilayəti ilə də uğurla əməkdaşlıq edir. Həştərxan vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri Rusiyanın regionları ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.

Azərbaycan və Rusiya arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışan Ş.Mustafayev kənd təsərrüfatı, turizm, emal və digər sahələrdə, eləcə də Azərbaycanda yaradılan sənaye parklarında iş adamları üçün yaradılan əlverişli imkanları qeyd edərək əməkdaşlıq üçün potensialı diqqətə çatdırıb.

Həştərxan vilayəti hökumətinin sədri Konstantin Markelov Azərbaycandakı davamlı inkişafı vurğulayıb, Həştərxan iqtisadiyyatına dair məlumat verib. K.Markelov Həştərxanın kənd təsərrüfatı məhsullarının emalı və istixana komplekslərinin yaradılması sahələrində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə iqtisadi sahədə Azərbaycan-Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi