Yuxarı

Naxçıvanın iqtisadiyyat naziri: “İnhisarçılığın qarşısı alınmalıdır”

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri sahibkarlarla görüşüb

Bakı. 16 fevral. REPORT.AZ/ “Bu ilin əvvəlindən ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Amma buna baxmayaraq, bəzi hallarda yaranmış vəziyyətdən sui-istifadə edən, xüsusilə süni şəkildə qiymətləri artıran sahibkarlara da rast gəlinir. Bununla bağlı nazirlik tərəfindən müxtəlif reydlər keçirilir və bu kimi neqativ halların qarşısı alınır”.

“Report”un xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov sahibkarlarla görüşündə deyib.

Nazirin sözlərinə görə, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi hesabına Naxçıvanda ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olub: “Ötən dövrdə qəbul olunmuş dövlət proqramlarının icrası sahibkarlığın inkişafına öz töhfəsini verib. Belə ki, sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Dövlətimiz tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilir, onların fəaliyyətini stimullaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda istehlakçıların hüquqlarının qorunması da diqqət mərkəzində saxlanılır. Burada əsas məqsəd daxili bazarın qorunması, ixracyönümlü məhsulların istehsalını stimullaşdırmaq, idxaldan asılılığı minimuma endirməkdir. Çünki yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır”

F.Seyidov vurğulayıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün azad rəqabət mühitinin yaradılmasına nail olmalı, inhisarçılığın qarşısının alınması məsələlərinə diqqət artırmalıdır: “Eyni zamanda yerli məhsul istehsalçıları daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları haqqında da düşünməlidirlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi