Yuxarı

Mingəçevirdə bir neçə zavod və fabrikin yaradılması nəzərdə tutulur

Prezident: Mingəçevir Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilməlidir

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Yaxın illərdə Mingəçevirdə bir neçə zavod və fabrikin yaradılması nəzərdə tutulur".

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev məlumat verib.

Dövlət başçısı yaxın gələcəkdə Mingəçevir şəhərində yeni sənaye komplekslərinin təməlininin qoyulacağını bildirib:

"Mingəçevir sənaye şəhəridir və Mingəçevirin inkişafı ilə bağlı bizim konkret planlarımız var. Hesab edirəm ki, Mingəçevir Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilməlidir. Necə ki bu gün Bakı, Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük sənaye şəhərləridir. Gəncə şəhərində sənayeləşmə prosesi sürətlə gedir. Hesab edirəm ki, Mingəçevirdə yüngül sənayenin inkişafı prioritet olaraq qalmalıdır. Yaxın illərdə Mingəçevirdə bir neçə zavod və fabrikin yaradılması nəzərdə tutulur. Oraya qoyulacaq sərmayənin həcmi yüz milyon dollardan çox olmalıdır. İnşaat zamanı minlərlə insan işləyəcək".

İlham Əliyev bildirib ki, zavodların fəaliyyətini təmin etmək üçün birinci mərhələdə 2 min, sonrakı mərhələdə isə 7 min iş yeri yaradılacaq.

"Orada pambıq-iplik, yun-iplik fabrikləri, digər fabriklər yaradılacaq. O fabriklərin əsas xammal bazası pambıqçılıq olacaq ", - deyə prezident sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsində yekun nitqi zamanı söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi