Yuxarı

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiqlənib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 16 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf edib, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin edib, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaradıb.

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.

Dövlət başçısı həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə qərara alıb ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilsin

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi.

İşçi qrupunun üzvləri:

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini

Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Emin Hüseynov – ADA Universitetinin prorektoru

İşçi qrupuna tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” nəzərə alınmaqla, aşağıdakı layihələri - 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini, 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini - altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

Müəyyən edilib ki, bu sərəncamın yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər, bu sərəncamın yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasına dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilərlər, bu sərəncamın 2-ci hissəsinə uyğun olaraq yaradılan İşçi qrupunun dəvət məktubu bu sərəncamda nəzərdə tutulmuş viza verilməsi üçün əsas hesab edilir.

Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılıb ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi