Yuxarı

​İqtisadiyyat naziri: "Bu il Azərbaycanda tütün sahələri 3 dəfə artırılacaq"

Şahin Musafayev qeyd edib ki, ötən il Azərbaycanda 270-dək sənaye müəssisəsi yaradılıb

Bakı. 1 mart. REPORT.AZ/ Hazırda Azərbaycan iqtisadiyyatının 70%-ə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. Bu sahənin əsas istiqamətlərindən biri qeyri-neft sənayesidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Nazir qeyd edib ki, ötən il Azərbaycanda 270-dək sənaye müəssisəsi yaradılıb: "Ötən il də müasir sənaye müəssisələrinin yaradılması dəstəklənib, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb. Sənayeləşmə siyasətinin başlıca istiqamətlərindən biri də yeni mexanizmlərin tətbiqidir". 

"Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmış və rezidentlər tərəfindən 1 mlrd. ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır. Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb. İlkin olaraq sənaye parkına 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda yeni istehsal sahəsi olan gəmiqayırma sahəsində işlər müasir texnologiyalar əsasında davam etdirilir", - deyə Ş.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, Neftçala Sənaye Məhəlləsində 3 801 yeni iş yeri yaradılacaq: "Neftçala Sənaye Məhəlləsində yaxın aylarda sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 mln. manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaq. Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır. Dövlət başçısı tərəfindən sonuncu müşavirələrdə kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verilmişdir. Bununla əlaqədar, Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti qurumların iştirakı ilə İqtisadiyyat Nazirliyində pambıq və tütün istehsalı və emalı ilə məşğul olan müəssisələrlə müzakirələr keçirilib. Aparılmış müzakirələrin nəticəsi olaraq, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək".

Nazir qeyd edib ki, bu il Azərbaycanda tütün sahələrinin həcmi 3 dəfə artacaq: "Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Bu il ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla qəbul ediləcəyini bildirib".

Ş.Mustafayev deyib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir: "Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və hazırda fəaliyyət göstərən təsərrüfatlarda məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Hazırda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması imkanları araşdırılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi