GUAM-ın iclasında ticarətə və daşınmaya dəstək üzrə aktual məsələlər müzakirə edilib

GUAM-ın iclasında ticarətə və daşınmaya dəstək üzrə aktual məsələlər müzakirə edilib Növbəti profil iclası 2016-cı ilin birinci yarısında Moldovada keçiriləcək
Sənaye
22 Dekabr , 2015 21:16
GUAM-ın iclasında ticarətə və daşınmaya dəstək üzrə aktual məsələlər müzakirə edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanın Telavi şəhərində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın ticarətə və daşınmaya dəstək layihəsinin (TDDL) həyata keçirilməsi üzrə rəhbər komitəsinin 23-cü iclası keçirilib.

Tərəflər həmin layihənin icrası istiqamətində görülən işlər barədə informasiyanı müzakirə ediblər. TDDL komitəsi rəhbərlərinin mal və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçirilməsi prosedurlarının sadələşdirilməsi üzrə məruzələri dinlənilib. İclasda GUAM-ın üzvü olan ölkələrin dövlət sərhədlərindən mal və nəqliyyat vasitələrinin keçirilməsi prosedurlarının daha da sadələşdirilməsinin əhəmiyyəti vurğulanıb. İkigünlük tədbirin iştirakçıları qurum çərçivəsində gömrük prosedurlarının sorğu əsasında modernləşdirilməsi sahəsində qarşılıqlı məsləhətləşmələrə hazır olduqlarını da bildiriblər.

İclasda GUAM-a üzv ölkələrin gömrük administrasiyaları arasında qurum ölkələrinin dövlət sərhədlərindən keçirilən mal və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı surətdə tanınması barədə protokol layihəsinin mətni də bütövlükdə razılaşdırılıb.

Bundan əlavə, tərəflər GUAM ölkələri arasında ilkin informasiya mübadiləsinə başlamaq üçün texniki şərtləri hazırlamaq və uzlaşdırmaq barədə razılığa gəliblər. Məqsəd GUAM ölkələrinin gömrük administrasiyaları arasında qurum ölkələrinin dövlət sərhədlərindən mal və nəqliyyat vasitələrinin keçirilməsi haqqında ilkin informasiya mübadiləsinin təşkili barədə 2015-ci il 8 iyul tarixli protokolu implementasiya etməkdir.

Növbəti profil iclası 2016-cı ilin birinci yarısında Moldovada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi