Bu il Sabirabadda 12 min ton pambıq istehsalı gözlənilir

Bu il Sabirabadda 12 min ton pambıq istehsalı gözlənilir Rayonda 6 min 113 ha. sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilib
Sənaye
17 Sentyabr , 2016 21:43
Bu il Sabirabadda 12 min ton pambıq istehsalı gözlənilir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu il Sabirabadda 6 min 113 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilib və hər hektardan 20 sentner olmaqla, rayon üzrə 12 min ton məhsul istehsalı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə sentyabrın 17-də Sabirabadda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məlumat verib.

O, dövlət başçısı tərəfindən pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşılarına çox ciddi vəzifələrin qoyulduğunu diqqətə çatdırıb:

"Həmin tapşırığın icrasını təmin etmək məqsədilə bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılıb, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub və cari ildə 6113 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilib. Hazırda əl ilə məhsul yığımına başlanılıb, maşınla yığım işlərinə hazırlıq gedir. Bu günədək 500 tona yaxın pambıq toplanaraq tədarük olunub. Ötən müddət ərzində pambıqçılıqda çalışan 5 min nəfərə 1 milyon manatdan artıq əməkhaqqı ödənilib. Mütəxəssislərin keçirdiyi baxışın nəticələrinə görə, cari ildə hər hektardan 20 sentner olmaqla, rayon üzrə 12 min ton məhsul istehsalı gözlənilir".

O qeyd edib ki, ötən il rayon üzrə cəmi 1633 hektar sahədə pambıq əkilərək hər hektardan 11,3 sentner olmaqla, 1853 ton məhsul götürülüb.

"2017-ci ildə isə rayonda 15 min hektar suvarılan sahələrdə pambıq əkilməsi nəzərdə tutulur. Həmin sahələrin 2274 hektarını dövlət ehtiyat fondu, 7175 hektarını bələdiyyələrin örüş təyinatlı, 5551 hektarını isə pay torpaqları təşkil edir", - deyə icra başçısı əlavə edib.

Nazim İsmayılov Sabirabad rayonunda torpaqların suvarılması ilə bağlı son illərdə çox mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb:

"Sizin müvafiq tapşırığınızla rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihələrinin başa çatdırılması rayon üzrə 25 min 817 hektar sahənin əkin dövriyyəsinə qatılmasına imkan yaradacaq".

İcra başçısı gələn il rayon üzrə pambıq əkinlərinin iki dəfədən çox artırılmasının nəzərdə tutulduğunu vurğulayıb:

"Sabirabad rayonunun əkin sahəsi cəmi 48,7 min hektardır. Həmin sahələrin 24 min hektarı taxıl, 20 min hektarı yonca əkinləri altındadır. Nəzərə alsaq ki, əhali hər il 6-7 min hektar sahədə bostan-tərəvəz bitkiləri də əkir və belə olan halda torpaq balansında kəsr yaranır. Bu problemi həll etmək üçün təhlillər aparılıb, 16 min hektar örüş və qış otlaq sahələrinin əkinəyararlı və suvarma perspektivləri olduğu üçün təyinatının dəyişdirilməsi barədə hökumət qarşısında vəsatət qaldırılıb. Bildirirəm ki, cari ildə həmin sahələrin 3 min hektarında pambıq əkilib, lakin əkin torpağı olmadığından pambıqçılığa tətbiq edilmiş güzəştlərdən istifadə etmək mümkün olmayıb. Ümid edirik ki, bu məsələnin həlli istiqamətində müvafiq tədbirlər görüləcək".

Son xəbərlər

Orphus sistemi