Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda tərəvəz istehsalı və ixracının kəskin artacağı gözlənilir

    Ölkədə dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılır

    Bakı. 30 yanvar. REPORT.AZ/ "Bu il bizdə tərəvəz istehsalı və ixracı kəskin artacaq. Ölkəmizdə dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılır. Onların bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu proses geniş vüsət alıb, çox böyük maraq, çox böyük gəlir var. Sahibkarlar da bundan çox faydalanırlar".

    “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair illik müşavirədə deyib.

    O, Azərbaycanın ixracla bağlı probleminin də olmadığını dıqqətə çatdırıb:

    "İxracla bağlı bizim heç bir problemimiz yoxdur. Biz yeni ixrac bazarlarına çıxırıq və çıxacağıq. Ancaq unutmamalıyıq ki, ənənəvi ixrac bazarlarımız bizim üçün ən əlverişli bazarlardır. Ona görə istixanaların yaradılması prosesi sürətlə gedir. İxrac da ciddi şəkildə artır və artacaq. İndi biz özümüzü tərəvəzlə nəinki tam təmin edirik, bizim böyük ixrac imkanımız var. Ona görə 400 hektardan çox sahədə salınan istixanaların hamısı məhsul ixrac edəcək. Sahibkarlar indidən öz partnyorları ilə iş qursunlar, onları dəvət eləsinlər, göstərsinlər, Azərbaycan məhsullarının üstünlüyünü izah etsinlər. Dövlət əlbəttə ki, bu sahədə də öz dəstəyini göstərir. Dövlət qurumları bu işlərlə məşğuldurlar. Qida təhlükəsizliyi qurumu ciddi məşğul olmalıdır. Sahibkarlar özləri də məsuliyyətli olmalıdırlar. Onlar elə bir keyfiyyətli məhsul yetişdirməlidirlər ki, ixracla heç bir problem olmasın. Çünki 400 hektarda yaradılan bu istixanalar daxili bazar üçün hesablanmayıb. Ona görə burada bazarlara adekvat şəkildə məhsulların istehsalı da təşkil edilməlidir. Yəni, mənim tövsiyəm ondan ibarətdir ki, burada, sadəcə olaraq, bir məhsul deyil, çox çeşiddə məhsul yetişdirilməlidir".

    Prezidentin sözlərinə görə, keçən il pomidor ixracı rekord həddə çatıb, ölkəyə 151 milyon dollar valyuta gəlib:

    "Buna da böyük tələbat, böyük maraq var. Ancaq yenə də deyirəm, 400 hektarda salınan bu istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq. Ona görə həm dövlət qurumları, həm sahibkarlar özləri marketinq aparsınlar. Bazarların marketinqini aparsınlar ki, harada nə satmaq olar, harada hansı məhsullar üçün daha böyük tələbat var və hansı ölkələrdə daxili istehsal artır. Biz onu da həmişə yadda saxlamalıyıq ki, əgər indi ənənəvi bazarımız olan ölkələrdə daxili istehsal bu və digər məhsullar üzrə artırsa, deməli, ixracımız üçün problem yarana bilər. Ona görə burada çox çevik siyasət aparılmalıdır, əlbəttə ki, dövlət qurumlarının nəzarəti altında və köməyi ilə".

    "Meyvə istehsalı bizdə artır və artacaq. Xurma ixracı keçən il 90 milyon dollar səviyyəsində olub. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb. İki il ərzində 1800 hektarda nar bağları salınıb. Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib", - deyə İlham Əliyev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi