Yuxarı

Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 11% artırıb

​Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 1

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin bu ilin I rübü ərzində Gədəbəy ərazisində hasilatı 11% artaraq 20 287 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin I rüblə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 17 245 unsiya, mis hasilatı 513 ton, gümüş hasilatı isə 51 295 unsiya təşkil edib. Qızıl hasilatında 5%, gümüş hasilatında 26%, mis hasilatında 2 dəfə artım qeydə alınıb.

Şirkət I rübdə 13 121 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 306 dollar təşkil edib. Ötən ilin I rübündə isə 14 956 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 328 dollar olub.

Bildirilib ki, 2009-cu ildə hasilat başlanandan bəri 20 ton qızıl ekvivalentində hasilata bu ilin I rüb ərzində nail olunub.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi