BMT Azərbaycanda 97 mln. dollar dəyərində 50 layihə icra edib

BMT Azərbaycanda 97 mln. dollar dəyərində 50 layihə icra edib Yu Honqçi: "Azərbaycanın 2020-ci, Çinin isə 2025-ci ilədək sənaye proqramı mövcuddur"
Sənaye
4 May , 2016 13:38
BMT Azərbaycanda 97 mln. dollar dəyərində 50 layihə icra edib

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşkilatçılığı ilə “Yeni İpək Yolu iqtisadi regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərinin potensialından istifadə” layihəsinin ilk iclası işə başlayıb.

“Report” xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi və UNIDO, layihənin əhatə etdiyi ölkələr, beynəlxalq qurumlar, Azərbaycanda akkreditə olunan səfirliklər, elm, təhsil müəssisələri və özəl sektorun nümayəndələri iştirak edirlər.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın tarixi İpək Yolunun vacib həlqəsini təşkil etdiyini, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında mühüm tərəfdaş kimi böyük tranzit potensialını diqqətə çatdırıb: “Azərbaycan beynəlxalq və regional əhəmiyyətli təşəbbüslərdə fəal iştirak edir. Bizim UNIDO ilə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur. Ölkəmiz UNIDO tərəfindən həyata keçirilən bu layihənin də reallaşmasında, sənaye parkları və zonaları sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir. Dövlət başçısının fərmanı ilə yaradılan Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Böyük İpək Yolu dəhlizinin funksionallığının artırılması istiqamətində son dövrlər mühüm addımlar atılıb. Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, əlavə tranzit yüklərin cəlb edilməsi, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddəti və xərclərinin azaldılması istiqamətində bir çox işlər görülüb”.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev isə çıxışında Azərbaycanla BMT-nin və onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın inkişaf etdiyini deyib: “Ölkəmiz bu təşkilatların fəaliyyətində fəal iştirak edir. Azərbaycan təşkilatın Baş Assambleyasından ekspertlər səviyyəsində işçi qurumlarınadək geniş şəkildə təmsil olunur. Azərbaycan 2011-ci ildə iki il müddətinə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. İndiyədək BMT qurumları ilə ümumi dəyəri 96,6 mln. dollar olan 50-yə yaxın layihə icra edilib. Hazırda isə UNDP tərəfindən Azərbaycanda ümumi dəyəri təxminən 18,9 mln. dollar olan 10 layihənin icrası davam etdirilir. Azərbaycan UNIDO ilə əməkdaşlığa ciddi önəm verir. Bu gün ilk iclası keçirilən layihə regional əməkdaşlığın, eləcə də layihədə iştirak edən ölkələrdə sənayenin inkişafına töhfə verəcək”.

UNIDO-nun nümayəndəsi Olqa Memedoviç təmsil etdiyi qurumun Azərbaycan ilə uzun illər əməkdaşlıq etdiyini, təşkilat tərəfindən bundan sonra da Azərbaycanda sənayenin inkişafını dəstəkləyəcəyi deyib: “UNİDO bundan sonra xüsusilə iqtisadiyyatın şaxələndirilməsinə yönələn tədbirlərə dəstək göstərəcək. Yeni İpək Yolu iqtisadi regionunda sənayenin inkişafı üçün mövcud problemlər araşdırılmalı, müzakirə edilməli və aradan qaldırılmalıdır. Buraya texnologiyalar, müasir avadanlıqlar, eləcə də bu inkişafa İpək Yolunun tranzit əhəmiyyəti cəlb edilməli, "hub"lar yaradılmalıdır. Düşünürəm ki, dəhliz olan ölkələr Azərbaycanın Yeni İpək Yolu təcrübəsindən yararlanacaq və bu layihə sayəsində Azərbaycan bizim ölkələrlə əməkdaşlığını daha da genişləndirəcək”.

Qırğızıstan iqtisadiyyat nazirinin müavini Almaz Sazbakov ölkəsində investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, qabaqcıl texnologiyaların iqtisadiyyata tətbiqi, kiçik və orta sahibkarlığın klasterlərinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini ölkəsində sənaye və texnoloji parkların yaradıldığını deyib: “Bu gün keçirilən iclas tədbirdə, layihədə iştirak edən ölkələr və nümayəndələri üçün çox əhəmiyyətlidir. Biz layihənin inkişaf prespektivləri haqqında müzakirələr aparıb, onun şaxələndirilməsi istiqamətində nəticələr əldə etməyə çalışmalıyıq. Sənaye зarklarının yaradılması işlərin yekunlaşması demək deyil. Layihələrin infrastrukturu hazır olduqdan sonra inkişaf etdirilməsi - işin vacib tərəflərindəndir”.

Çinin Azərbaycandakı səfirliyinin müşaviri Yu Honqçi çıxışında qeyd edib ki, Azərbaycanın 2020-ci, Çinin isə 2025-ci ilədək sənaye proqramı mövcuddur: “Biz bugünkü iclasda Tacikistan, Özbəkistan, Qırğızıstanda da bu sənaye parklarının yaradılması barədə danışmalıyıq. Bu sahədə əməkdaşlığın genişləndirilməsi mütləqdir. Hesab edirəm ki, bu layihə uğurlu olacaq və bugünkü iclas yeni sənaye parkları yaradan ölkələr üçün faydalı olacaq”.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekovun “Yeni İpək Yolu iqtisadi kəməri”, "Dənizdə İpək Yolu Konsepsiyası", UNIDO-nun Çindəki nümayəndəsi Ralf Bredelin “Əhatəli və davamlı sənaye inkişafının təmin edilməsində sənaye klasterləri, parkları, zonaları və digər coğrafi vahidlərin rolu”, CAREC İnstitutunun direktoru Kubat Umurzakovun “CAREC proqramının əməliyyat prioritetləri kimi nəqliyyat, logistika və sənaye dəhlizlərinin rolu” mövzusunda məruzələri dinlənilib.

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, UNIDO-nun Tacikistan, Türkmənistan və Özbəkistan üzrə ekspertləri milli sənayenin inkişaf strategiyası, sənaye parkları, zonaları mövzusunda təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, iclas mayın 5-də “Elm, sənaye və texnologiya parkları vasitəsilə əhatəli və davamlı sənaye inkişafına yardım” mövzusunda sessiya və təqdimatlarla işini davam etdirəcək. Eyni zamanda, sabah tədbir iştirakçıları “Təmiz Şəhər” ASC-yə gedəcək, Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarının fəaliyyəti ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi