Yuxarı
    Bağlamaq

    Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsi yaratmaq istəyir

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan və Belarus əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsində və bu sahədə Azərbaycanda birgə müəssisənin yaradılmasında maraqlıdır. “Report”un məlumatına görə, bu gün iqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Belarusun səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb.

    Görüşdə Ş.Mustafayev Azərbaycan-Belarus əlaqələrinin iqtisadiyyat, ticarət və humanitar sahələr olmaqla, iqtisadiyyatın bir çox sahələrini əhatə etdiyini deyib.

    Qeyd edilib ki, bu ilin mayında Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin inkişafında, Azərbaycan məhsullarının Belarusa ixracının artırılmasında əhəmiyyətlidir. Azərbaycanla Belarus arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdıran Ş.Mustafayev nazir V.Malaşkonun səfərinin də Azərbaycan-Belarus əlaqələrinin, xüsusilə də səhiyyə və əczaçılıq sahəsində əməkdaşlığın inkişafında önəmli olduğunu qeyd edib.

    Nazir qeyd edib ki, Azərbaycan əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirir. Artıq bu sahədə ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkında Rusiya və İranla birgə müəssisələrin təşkili istiqamətində iş aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında yaradılmış imkanlardan istifadə edə bilərlər. Bildirilib ki, sentyabrın 28-də Bakıda XXIII Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək və bu sərgi çərçivəsində parkın fəaliyyəti və burada yaradılan əczaçılıq müəssisələri barədə təqdimatlar keçiriləcək.

    V.Malaşko vurğulayıb ki, Belarus Azərbaycanla digər sahələrdə olduğu kimi səhiyyə və əczaçılıq sahələrində də əlaqələrin inkişafında, o cümlədən tibb sahəsində mütəxəssis hazırlığına dəstək göstərməkdə və birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi