“Azərtütün” özəlləşdirilib

“Azərtütün” özəlləşdirilib \
Sənaye
30 Noyabr , 2021 15:52
“Azərtütün” özəlləşdirilib

“Tabaterra Leaf” QSC "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, nazirliyin Əmlak Məsələləri Dövlət Xidməti sözügedən investisiya müsabiqəsini oktyabrın 15-də elan edib. Noyabrın 18-də Müsabiqə Komissiyası iddiaçıların təkliflərinə baxıb və qalibi elan edib.

Noyabrın 25-də qalib şirkətlə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6,4 milyon manat pul köçürməyi, ümumi dəyəri 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.

Müsabiqə qalibi investisiyaları 1 il ərzində yatırmağı, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yeri yaratmağı planlaşdırır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti "Tabaterra Leaf"i bu il aprelin 20-də dövlət qeydiyyatına alıb. Azərbaycanın aparıcı siqaret istehsalçısı “Tabaterra” QSC-yə yaxın şirkət Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 5 000 manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. O, həm də “Tabaterra”nın direktorudur.

Son xəbərlər

Orphus sistemi