Yuxarı

"Azərikimya" İstehsalat Birliyində ADNSU-nun rektoru ilə ilə görüş keçirilib

Muxtar Babayev «Azərikimya» İB-də həyata keçirilən yenidənqurma işləri haqqında məlumat verib

Bakı. 14 iyul. REPORT.AZ/ SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin (İB) konfrans zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı ilə görüş keçirilib.

Birlikdən "Report"a verilən məlumata görə, “Azərikimya” İB-nın aparıcı mütəxəssislərinin də iştirak etdiyi görüşü İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev açaraq, qonaqları salamlayıb, növbəti dəfə təşrif buyurduqlarına görə ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

M.Babayev «Azərikimya» İB-də həyata keçirilən yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr haqqında məlumat verib, kadr hazırlığı məsələləri, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın ali təhsil ocaqlarına, kimya sənayesinə, ümumilikdə isə respublikamıza verəcəyi töhfələrdən geniş söhbət açıb.

Görüşdə neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin “Azərikimya” İB-nin müəssisələridə yay istehsalat təcrübəsi keçmələri üçün yaradılmış əlverişli şərait və son beş ildə bunun artıq ənənə halını alması ön plana çəkilib.

Hazırda «Azərikimya» İstehsalat Birliyinin istehsalatlarında 100-dən çox tələbə yay istehsalat təcrübəsi keçir ki, bunlardan da 65-i ADNSU-nun tələbələridir. Bu tələbələr iki iş həftəsi ərzində Birliyin Etilen-polietilen zavodunun Buxar-generator kompleksi, Susoyutma qurğusu, Azot-oksigen kompleksi, Etilen və Polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərini artıracaq, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər.

ADNSU-da həyata keçirilən islahatlar haqqında geniş məlumat verən rektor Mustafa Babanlı səmimi qəbula və tələbələrə göstərilən diqqət və qayğıya görə «Azərikimya»nın rəhbərliyinə minnətdarlığını ifadə edib.

Görüşdən sonra ADNSU-nun nümayəndələrinin “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunmuşdur. Zavodun istehsalat sahələri ilə yaxından tanış olan qonaqlar, həmçinin istehsalat təcrübəsində olan tələbələrlə görüşüb, onların ilkin təəssüratlarını dinləyib və geniş fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi