Yuxarı

“Azərikimya”da “Petkim Holding”də təcrübədən qayıdan tələbələrlə görüş keçirilib

Tələbələr bir ay müddətində “Petkim Holding”də istehsalat təcrübələrini davam etdiriblər

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-də Türkiyənin “Petkim Holding” şirkətində təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə “Azərikimya” İB-nin icraçı direktorunun kadr, rejim və İT üzrə müavini Xalıq Mustafayev qeyd edib ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin yay istehsalat təcrübəsi üçün əlverişli şəraitin yaradılması İB-nin kadr hazırlığı proqramı üzrə nəzərdə tutulmuş tədbirlərlərdəndir və son bir neçə ildə artıq ənənə halını alıb. Bu il də İnsan resursları Departamenti ilə birgə həyata keçirilən “Yay təcrübəsi proqramı” layihəsi çərçivəsində Birliyin dəstəyi ilə respublikanın aparıcı ali təhsil müəssisələrinin - Bakı Ali Neft Məktəbinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Sumqayıt Dövlət Universitetinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri əvvəlcə Etilen-Polietilen Zavodunun müxtəlif istehsalat sahələrində 10 gün müddətində kimya sənayesi ilə bağlı təcrübi biliklərini artırıblar. Onlar seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçərək, nəzəri biliklərini təcrübə ilə daha da zənginləşdiriblər. Sonra bir ay müddətində Türkiyənin İzmir şəhərində, dünyanın nüfuzlu şirkətlərindən olan “Petkim Petrokimya Holding”də istehsalat təcrübələrini davam etdiriblər. 

Qeyd olunub ki, təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçirilir. Məqsəd həm tələbələr arasından İstehsalat Birliyinə gələcək əməkdaş seçmək, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.

Tədbirdə “Azərikimya”nın icraçı direktorunun birinci müavini, baş mühəndis, Səmərələşdirici təkliflərlərin qiymətləndirmə Komissiyasının sədri Nadir Alıyev çıxış edərək daxil olan təkliflərə (30 təklif) öz münasibətini bildirib, maraqlı təkliflərlə çıxış edən tələbələrin gələcəyinə böyük ümidlər bəslədiyini qeyd edib. 

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını və hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb. O qeyd edib ki, yaradılan şəraitdən səmərəli istifadə olunmalı, sabahın mühəndisi olmaq istəyən tələbə mövcud potensialını ortaya qoymağı bacarmalıdır. Birlik bu məsələyə ciddi yanaşır, gənclərə dəstək olmağı, onlara stimul verməyi kimya sənayesinin gələcəyinə zəmanət kimi dəyərləndirir.

Tədbirdə “İstehsalat üzrə ən yaxşı səmərələşdirici təklif və ideyaların qiymətləndirilməsi” mövzusunda keçirilən müsabiqənin qalibi olan 4 tələbəyə - Kamran Əliyevə (Bakı Ali Neft Məktəbi, bakalavr, IV kurs, Kimya mühəndisliyi - I yer), Əli Qasımova (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, bakalavr, III kurs, Kimya mühəndisliyi - II yer), Aysel Hüseynovaya (Sumqayıt Dövlət Universiteti, bakalavr, III kurs, Kimya mühəndisliyi - III yer) və Cəmilə Zabirovaya (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, magistr, II kurs, Kimya - IV yer) “Azərikimya” İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 

Tədbirin sonunda Yay istehsalat təcrübəsinin rəhbəri, Sumqayıt Dövlət Universitetinin müəllimi İradə Nəsirova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Əli Qasımov onlara yaradılmış imkana, göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi