“AzerGold”un hasil etdiyi qızıl-gümüş tərkibli xəlitələri İsveçrə şirkəti saflaşdıracaq

“AzerGold”un hasil etdiyi qızıl-gümüş tərkibli xəlitələri İsveçrə şirkəti saflaşdıracaq Azərbaycan şirkəti ixraca hazırlaşır
Sənaye
19 Aprel , 2017 10:16
“AzerGold”un hasil etdiyi qızıl-gümüş tərkibli xəlitələri İsveçrə şirkəti saflaşdıracaq

Bakı. 19 aprel. REPORT.AZ/ “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar qızıl emalı kompleksində hasil etdiyi qızıl–gümüş xəlitələri saflaşdırılması, xalis qızıl və gümüşün alınması üçün İsveçrəyə göndərəcək.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumatda deyilir ki, Cəmiyyət bu ölkənin nüfuzlu affinaj şirkətlərinin biri ilə müqavilə bağlayıb: “Əməkdaşlıq üçün beynəlxalq standartlara cavab verən, keyfiyyət, qiymət, imic, prestij və s. meyarları nəzərə alaraq ən nüfuzlu affinaj şirkətləri araşdırılıb. Uyğun şirkətlərə əməkdaşlıq imkanları üçün müraciət olunub. Eyni zamanda, müxtəlif ölkələri təmsil edən affinaj şirkətləri “AzerGold”un beynəlxalq tələblərə cavab verməsini, şəffaflığını bir neçə meyar əsasında araşdırıb.

Belə ki, qızıl hasil edən şirkətlər beynəlxalq səviyyədə tətbiq olunan əsas tələblər – KYC (Know Your Customer – Müştərini Tanı) və “Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə araşdırılır. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra affinaj şirkətləri hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə “AzerGold”a rəy veriblər. Cəmiyyət bu şirkətlər arasında təkliflər sorğusu əsasında İsveçrənin “Argor-Heraeus” şirkətini qalib kimi müəyyən edib və tərəflər arasında müqavilə bağlanıb. Hazırda “AzerGold” ixraca hazırlıq işləri görür", - deyə məlumatda qeyd edilib. 

Xatırladaq ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi