Yuxarı

“AzerGold” optimallaşdırma işlərini davam etdirir

“AzerGold” QSC istehsalatda əməliyyat proseslərinin optimallaşdırılmasını davam etdirir.

QSC-dən “Report”a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Daşkəsən şəhərində yerləşən 110/35/6 kV-luq yarımstansiyadan “Çovdar” filiz emalı sahəsinə ümumi uzunluğu 8,9 km təşkil edən, 71 ədəd dayaqdan ibarət olan 35 kV-luq Elektrik Veriliş Xətti (EVX) çəkilib. Hava xəttində istifadə olunan AS 120 mm² naqilinin nominal yükgötürmə qabiliyyəti 390 A-ə bərabərdir.

Bildirilib ki, yeni xətt elektrik təchizatı xərclərini, təxminən, 50% azaltmaqla yanaşı, “Çovdar” yatağının yeraltı (sulfid) istismar mərhələsində elektrik enerjisinə artacaq tələbatı tam ödəmək qabiliyyətindədir. Bu günədək elektrik təchizatı üçün istifadə olunan generatorlar isə ehtiyat elektrik enerjisi mənbəyi kimi istifadə olunacaq.

Qeyd edək ki, “AzerGold” QSC bütün sahələr üzrə mütəmadi olaraq optimallaşdırma işləri həyata keçirir. Belə ki, ötən il ərzində aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq “Çovdar” filiz emalı sahəsində yerləşən qırma-ələmə sahəsinin filiz emal etmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq qızıl hasilatında 2017-ci ilə nisbətən 33% artıma nail olunub.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi