“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır Bu gün “AzerGold” QSC ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənaye
12 Yanvar , 2021 14:01
“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Bu gün “AzerGold” QSC ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Report”un ““AzerGold”a istinadən verdiyi məlumata görə, videoformatda təşkil olunan tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak ediblər.

Memorandum sənədini “AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar.

Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi, həmçinin fərqlənmiş tələbələrə QSC-nin təqaüd və mükafatlarının verilməsi də nəzərdə tutulub.

“AzerGold” davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir. Bu günə qədər 7 ali təhsil ocağı ilə əməkdaşlıq memorandumu imzalanıb, eləcə də ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” sertifikatlar təqdim edib, fərqlənmiş 11 nəfər məzun daimi işlə təmin edilib.

Son xəbərlər

Orphus sistemi