“AzerGold” 2021-ci ildə “Çovdar” yatağının yeraltı mərhələsindən hasilata başlayacaq

“AzerGold” 2021-ci ildə “Çovdar” yatağının yeraltı mərhələsindən hasilata başlayacaq Balakən rayonunda yerləşən "Mazımçay"da ehtiyatların hesablanması üçün buruq-qazma işləri aparılıb
Sənaye
27 Dekabr , 2017 10:57
“AzerGold” 2021-ci ildə “Çovdar” yatağının yeraltı mərhələsindən hasilata başlayacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ “AzerGold” QSC 2020-ci ildə Daşkəsən rayonu ərazisində yerləşən “Çovdar” yatağında yerüstü (oksid) mərhələsinin istismarını başa çatdırmaq niyyətindədir.

Bu barədə “Report”a “AzerGold”dan bildirilib.

Məlumata görə, 2021-ci ildə hasilata verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq edilir.

Bildirilib ki, 2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC artıq bir sıra işlər görüb: “Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən "Çovdar" filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilib və digər işlər görülüb. "Çovdar" mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün  bütün lazımi işlər görülüb və infrastruktur yaradılıb”.

Qeyd olunub ki, “AzerGold” QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik “Filizçay” polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır.

Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda – "Mazımçay"da ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən "Göydağ-Əlincə" filiz qovşağının "Ortakənd" sahəsində kompleks geofiziki tədqiqatlar aparılıb və yaxın gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması nəzərdə tutulub.

Daşkəsən-Göygöl ərazilərində filizsaxlayan süxurlardan götürülmüş sınaq nümununələri beynəlxalq sertifikatlaşdırılmış laboratoriyada analiz olunur və analizlərin nəticələrinə uyğun kəşfiyyat işlərinin planı hazırlanır. Bu istiqamətdə növbəti illərdə də geoloji tədqiqatlar davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi