Yuxarı

​Azərbaycanla San-Marino arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi razılaşdırma mərhələsindədir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini ilə görüşüb. Nazirlikdən "Report"a verilən xəbərə görə, görüşdə Ş.Mustafayev Azərbaycan və San-Marino arasında siyasi əlaqələrin inkişaf etdiyini, iqtisadi əlaqələrin genişləndiyini bildirib.

O, səfər çərçivəsində iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması və diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsinə dair sənədlərin ölkələr arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.

Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş layihəsi isə razılaşdırma mərhələsindədir. İş adamları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edən Ş. Mustafayev imzalanmış sənədlərin və qarşılıqlı səfərlərin bu baxımdan əhəmiyyətini qeyd edib, kənd təsərrüfatı, sənaye, neft-kimya, turizm, İKT və alternativ enerji sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

İqtisadiyyat və Sənaye naziri Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkənin siyasi və makroiqtisadi baxımdan sabit ölkə, dünyada etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi, böyük transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçılarından olduğunu qeyd edib.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin regional inkişafa əsas maneə olduğunu bir daha diqqətə çatdırıb.

San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini ölkəsinin inkişaf edən Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

P.Valentini iqtisadi sahədə ölkələr arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, San-Marinonun turizm, İKT və infrastruktur sahələrinə investisiya qoyuluşu imkanlarını qeyd edib, ölkəsinin iqtisadiyyatına dair məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi