Azərbaycanda yeni sənaye müəssisəsi inşa olunacaq

Azərbaycanda yeni sənaye müəssisəsi inşa olunacaq Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
Sənaye
22 Fevral , 2016 18:23
Azərbaycanda yeni sənaye müəssisəsi inşa olunacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti sənaye parkının ərazisində ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsalını həyata keçirəcək.

Layihə çərçivəsində ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən zavod inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150 nəfərə yaxın insanın işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə də ixrac olunacaq.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunur.

"Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir", - deyə nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi