Yuxarı
    Bağlamaq

    Azərbaycanda yeni müdafiə sənayesi məhsullarının istehsalı təşkil olunacaq

    Yardım məqsədilə beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycana dəvət olunması planlaşdırılır

    Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycana idxal olunan əsas neft maşınqayırması avadanlığının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan daha müasir kompleks avadanlıqlarının istehsalı üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələrək növbəti addımlar planlaşdırılacaq.

    “Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

    Sənəddə eyni zamanda qeyd olunub ki, ölkəyə daha çox idxal olunan ağır sənaye və maşınqayırma məhsullarının siyahısı tərtib olunaraq təhlil ediləcək və bu siyahı üzrə Azərbaycanda mənfəətli şəkildə istehsal oluna biləcək məhsullar müəyyən olunacaq. Müəyyən olunmuş məhsullar üzrə təhlillər aparılaraq, həmin sahəyə yerli və xarici investorların cəlb edilməsi ilə bağlı addımlar atılacaq.

    Sənədə əsasən, təchizat ilə istehsal planları arasında əlaqələndirməni gücləndirmək, satınalan təşkilatlar üçün yerli müəssisələrin istehsal edə biləcəyi konkret mal və avadanlıqları müəyyənləşdirmək, məhsulların keyfiyyət standartlarını və müvafiq tənzimləyici reqlamentləri qarşılıqlı dəqiqləşdirmək və sahəvi araşdırmalar aparmaq məqsədilə mədənçıxarma, təbii inhisarlar, müdafiə sənayesi və kənd təsərrüfatında fəaliyyət göstərən iri sifarişçi təşkilatları, sənaye müəssisələrini və müvafiq dövlət orqanlarını əhatə edən işçi qruplar yaradılacaq. Azərbaycanda fəaliyyət göstərən iri transmilli şirkətlərin nümayəndələri işçi qruplarının tərkibinə dəvət olunacaq. Bu tədbir üzrə müəyyən olunmuş əlaqələndirici dövlət orqanı işçi qrupların təşkil olunması, iclaslarının mütəmadi keçirilməsi, yekun qərarların icrası üçün lazımi tədbirlərin görülməsini təmin edəcək. İşçi qruplarına yardım məqsədilə beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycana dəvət olunması, şirkətlər üçün ekspertlər panelinin formalaşdırılması məsələlərinə baxılacaq.

    Ölkədə müdafiə sənayesi sahəsində də birgə istehsal güclərinin yaradılması nəzərdə tutulur. Qeyd olunub ki, ölkəyə idxal olunan müdafiə sənayesi məhsullarının istehsalçıları ilə danışıqlar aparılaraq, ölkədə istehsalı mövcud olmayan məhsulların tam istehsal tsiklinin qurulması üzrə xarici investorlarla birgə müəssisələrin yaradılması üçün təkliflər veriləcək və bundan irəli gələn növbəti addımlar planlaşdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi