Yuxarı

​Azərbaycanda yeni dövlət standartları təsdiq edilib

Standartlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə dövlət standartı və təsnifatını təsdiq edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Komitə tərəfindən “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” (AZS 599-2015), “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər” (AZS 848-2015), “Qaz kəmərləri üçün polietilen borular.Texniki şərtlər” (AZS 853-2015), “Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” (AZS 854-2015) dövlət standartları, “Bələdiyyələrin statistik ərazi təsnifatı” (AZT 049-2015) təsdiq edilib.

Qeyd edək ki, “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartı mövcud standarta dəyişikliklər edilməklə hazırlanıb və avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.

Digər, “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər” standartı qida zəncirində iştirak edən bir təşkilatda, qidanın istehlakı zamanı onun təhlükəsiz olmasını təmin etmək və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək qabiliyyətini nümayiş etdirmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə aid tələbləri müəyyən edir.

“Qaz kəmərləri üçün polietilen borular. Texniki şərtlər” standartı sənaye və kommunal-məişət istifadəsi üçün xammal və yanacaq qismində nəzərdə tutulan yanar qazları nəql edən polietilen yeraltı qaz kəmərlərinə şamil edilir.

“Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” standartı təzyiqsiz, yeraltı, drenaj və çirkab su sistemlərində istifadə edilən, plastikləşdirilməmiş polivinilxlor (PVC-U), polipropilen (PP) və polietilendən (PE) əsaslı, profil divarlı borular, birləşdirici hissələr və sistemlər üçün təriflər və xüsusiyyətləri əhatə edir.

“Bələdiyyələrin statistik ərazi təsnifatı” iqtisadi və sosial informasiya təsnifatı olmaqla “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunu və digər müvafiq normativ-hüquqi aktları əsas götürülməklə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və onların müvafiq kodlarının siyahısı verilib.

Standartlar və təsnifat Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi