Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24,0%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 5,3% ucuzlaşıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 24,1% ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,4% bahalaşma müşahidə olunub, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə sabit qalıb.
Yanvarda emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 9,4%, neft məhsullarının istehsalı üzrə 8,8%, elektrik avadanlıqlarında 7,8%, qida məhsullarında 3,9%, mebel istehsalında 1,6%, tütün məmulatlarında 1,5%, rezin və plastik kütlə məmulatlarında 0,9%, içki istehsalında 0,6%, tikinti məmulatlarında 0,3%, geyim istehsalında 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 3,0%, metallurgiya sənayesi üzrə 1,5%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarında 0,5%, poliqrafiya fəaliyyəti üzrə 0,3%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.
Qeyd edək ki, ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.