Yuxarı

Azərbaycanda sənaye istehsalı 9% bahalaşıb

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri 10,5%, emal sənayesində isə 2,8% artıb

Bakı. 9 iyun. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 9,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 10,5%, emal sənayesi üzrə isə  2,8% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, mayda mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 2,2% ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 10,6%, metal filizlərinin hasilatı üzrə isə 1,3% bahalaşma müşahidə olunub.

Hesabat ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 1,4%, tikinti məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb. Kimya sənayesi üzrə 14,9%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 4,5%, maşın və avadanlıqların istehsalı üzrə 3,9%, neft məhsullarının istehsalı üzrə 3,5% bahalaşma qeydə alınıb.

Geyim istehsalı üzrə 2,7%, içki istehsalı üzrə 2,5%, qida məhsullarının istehsalı üzrə 1,8%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,5%, metallurgiya sənayesi və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2%, tütün məmulatlarının istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi