Yuxarı

Azərbaycanda metrologiya üzrə yaradılan yeni texniki komitənin ilk iclası keçirilib

Metrologiya sahəsinin inkişaf etdirilməsi üçün bu sahə ilə bağlı beynəlxalq standartların Azərbaycan dilinə tərcüməsi nəzərdə tutulub

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində "Metrologiya" standartlaşdırma üzrə Texniki Komitənin (TK) ilk iclası keçirilib. İclasda çıxış edən TK-nın sədri, Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov yeni fəaliyyətə başlayan Texniki Komitənin əhəmiyyəti haqqında məlumat verib.

“Report” Komitəyə istinadən xəbər verir ki, xidmət rəisi beynəlxalq standartlar əsasında qurulmuş metroloji təminatın innovativ iqtisadiyyata keçidi təmin edən vacib vasitələrdən biri olduğunu bildirib. O.Abbasov deyib ki, metrologiya sahəsi ilə bağlı beynəlxalq normalara uyğunlaşdırılmış milli standartların, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının hazırlanması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Metrologiya" adlı standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.

Sonra TK-nın iş planı və görəcəyi işlər haqqında danışılıb. Bildirilib ki, metrologiya sahəsinin inkişaf etdirilməsi üçün bu sahə ilə bağlı beynəlxalq standartların Azərbaycan dilinə tərcümə olunaraq qəbul edilməsi vacib əhəmiyyət daşıyır. İclasda Komitə nümayəndələri ilə yanaşı, TK-nın üzvləri olan Dövlət Neft Şirkəti, "Bakı Metropoliteni" QSC, "Azərsun Holdinq", Sumqayıt Texnologiyalar Parkı (STP), "İntertek Azəri", "SGS Azəri", "bp-Azərbaycan" kimi təşkilatların nümayəndələri metrologiya sahəsində mövcud problemlər və inkişafa nail olmaq üçün təkliflərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi