Azərbaycanda Karbamid Zavodunun tikintisi işlərinin 30%-dən çoxu tamamlanıb

Azərbaycanda Karbamid Zavodunun tikintisi işlərinin 30%-dən çoxu tamamlanıb 2018-ci ilin əvvəlində zavodda istehsalat prosesinə start veriləcək
Sənaye
2 Sentyabr , 2016 13:27
Azərbaycanda Karbamid Zavodunun tikintisi işlərinin 30%-dən çoxu tamamlanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan Karbamid Zavodunun tikintisi üzrə işlərin 30%-i tamamlanıb. Bu barədə "Report"a Karbamid Zavodunun direktoru Xəyal Cəfərov məlumat verib.

"Zavodun tikinti işləri davam etdirilir. Bütün sifariş olunmuş avadanlıqlar artıq ölkədədir. İrihəcmli avadanlıqların sahədə quraşdırılması həyata keçirilir. Tikintinin təxminən 1/3-i tamamlanıb. Bu da 30%-dən çoxdur", - deyə zavodun direktoru qeyd edib.

X.Cəfərov xatırladıb ki, tikinti işləri 2017-ci ilin IV rübündə tamamlanacaq və sazlama işlərinə başlanacaq. Onun sözlərinə görə, 3-4 ay davam edəcək sazlama işlərindən sonra, 2018-ci ilin əvvəlində zavodda istehsala start veriləcək.

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.

Son xəbərlər

Orphus sistemi