Yuxarı

Azərbaycanda iyulda sənaye məhsullarının istehsalçı qiymətləri 6% düşüb

Xam neft və təbii qaz hasilatı ucuzlaşıb, içki, qida və geyim istehsalı isə bahalaşıb

Bakı. 5 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,1%, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,1%, emal sənayesi üzrə isə 0,9% ucuzlaşıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, iyulda mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 7,1%, metal filizlərinin hasilatı üzrə 2,0%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,7% ucuzlaşma müşahidə olunub.

Hesabat ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,9%, kimya sənayesi üzrə 2,1%, metallurgiya sənayesi üzrə 2,0%, neft məhsullarının istehsalı üzrə 1,6%, maşın və avadanlıqların istehsalı üzrə 1,5%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,5%, toxuculuq sənayesi və poliqrafiya fəaliyyəti üzrə 0,2% ucuzlaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 8,5%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 2,4%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 1,1%, içki istehsalı üzrə 1,0%, geyim istehsalı üzrə 0,9%, mebel və qida məhsullarının istehsalı üzrə 0,2%, tikinti və tütün məmulatlarının istehsalı üzrə 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi