Yuxarı
    Bağlamaq

    Azərbaycanda əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması layihəsinə start verilib

    Tədbirdə layihənin icrası, qeyri-neft emalı sahələrinin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 20-də Bakı Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi və Latviya Ticarət və Sənaye Palatası tərəfindən həyata keçiriləcək “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması Layihəsi"nin icrasına başlanması ilə bağlı tədbir keçirilib. 

    Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Latviyanın Azərbaycandakı səfirliyi, aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

    İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur: “Azərbaycan Respublikasında əsas qeyri-neft sənaye sahələrinin rəqabət qabiliyyətinin artırılması Layihəsi"nin icrası da ölkəmizdə emal sənayesinin inkişafına dəstək göstərəcək”.

    Layihə barədə məlumat verən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Jeron Villems (Jeroen Villems) bildirib ki, layihənin məqsədi Azərbaycanda emal sənayesi sahələrinin rəqabət qabiliyyətinin artırılmasına və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsinə dəstək göstərməkdir. Layihədə həmçinin emal sənayesinin bir sıra sahələrində peşəkar biznes assosiasiyalarının yaradılması, emal sənayesinin pilot sektorları ilə bağlı ilkin iqtisadi əsaslandırmanın həyata keçirilməsi nəzərdə tutulur.

    İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayev özəl sektorun inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyin artırılması, istehlak mallarına olan tələbatın yerli resurslar hesabına ödənilməsi və iqtisadi inkişafın təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib.

    Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs (Juris Maklakovs) iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və bu layihənin Azərbaycanda emal sənayesinin inkişafında əhəmiyyətli olmaqla yanaşı, ölkələr arasında əməkdaşlığın genişlənməsində önəmli olacağını deyib.

    Tədbirdə layihənin icrası, qeyri-neft emalı sahələrinin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi