Yuxarı
    Bağlamaq

    Azərbaycan və Tümen vilayəti neft-qaz maşınqayırması sahəsində birgə müəssisənin yaradılması məsələsini müzakirə edir

    Qubernator: Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi Tümen vilayətinin ən mühüm və prioritet istiqamətlərindən biridir

    Tümen. 25 may. REPORT.AZ/ "Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi Tümen vilayətinin qarşısında duran ən mühüm və prioritet istiqamətlərdən biridir".

    "Report" xəbər verir ki, bunu Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev "Tümen vilayəti: reallıqlar, potensial və inkişaf" press-turu çərçivəsində regiona səfər edən azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

    "Azərbaycanla bizim iqtisadiyyat strukturumuz oxşardır: karbohidrogen xammallar çoxluq təşkil edir. Üstəlik, hasilat, dərin emal və daşınmada da xeyli bənzərlik var", - deyə V.Yakuşev bildirib.

    Quberantor bu baxımdan neft-qaz maşınqayırması sahəsində birgə müəssisənin yaradılmasının məqsədəuyğun olduğunu qeyd edib və bu məsələnin ötən ilin sonunda vilayətin nümayəndə heyətinin Bakıya səfəri zamanı müzakirə oluduğunu xatırladıb.

    "Bu gün neft-qaz maşınqayırması Azərbaycanda sürətlə inkişaf edir, lakin bəzən müəyyən avadanlıq ölkə xaricindən alınır. Bizim təklifimiz olduqca maraqlı idi. Fikrimcə, ortaq maraqlar var", - deyə o, vurğulayıb. 

    Onun sözlərinə görə, Azərbaycan sahibkarları ilə əməkdaşlıq qurulmasına regionun nəhəng neft-kimya şirkəti "SİBUR Tobolsk" da maraq göstərir: "Şirkət birgə istifadə üçün polimerlərin emalı, plastik məhsullar tökməsi, plastik qablaşdırma istehsalı üzrə çox maraqlı layihələrin həyata keçirilməsi təklifiylə çıxış edib".

    V.Yakuşev həmçinin qeyd edib ki, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Tümen vilayətinə səfər edəcəyini gözləyirlər: "Azərbaycanın iqtisadiyyat nazirinin Azərbaycan şirkətlərinin rəhbərləri ilə birlikdə Tümen vilayətinə rəsmi səfər edəcəklərinə ümid edirik. Bu barədə razılıq əldə olunub. Tümen vilayətində sənaye parkları şəbəkəsi yaradılıb və orada təklif olunan layihələri həyata keçirmək mümkündür".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi