Yuxarı

Azərbaycan sənayedə istehsalını 4% artırıb

Qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14%-lik artım var

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanın sənaye sektorunda istehsal olunan mal və göstərilən xidmətlərin həcmi 3,8% artaraq 13,3 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1%-lik, neft sektorunda isə 0,7%-lik artım müşahidə olunub. Sənaye məhsulunun 63,3%-i mədənçıxarma, 28,7%-i emal, 7,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 77%-ni təşkil edib, ümumi istehsalın 88,2%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 11,8%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib. 

Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında iyulun 1-i vəziyyətinə 376,4 mln. manatlıq hazır məhsul olub. Ehtiyatların 69,6%-i Bakı, 5,5%-i Sumqayıt, 2,5%-i Gəncə, 2,1%-i Şirvan və 0,3%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 14,7 mln. manat məbləğində digər mallar da mövcud olub.

Mədənçıxarma bölməsində istehsalın həcmi 8,4 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 2,1% üstələyib.

Emal sahəsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən yanvar-iyun aylarında 3,8 mlrd. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi