Yuxarı
    Bağlamaq

    ​Azərbaycan-Rusiya biznes forumu keçirilib

    Azərbaycan iş adamları Tatarıstana dəvət edilib

    Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində Rusiya Federasiyasının Tatarısan Respublikasının prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.

    Biznes forumu açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstan Respublikası ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil zavodunda "KamAZ" markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və RF Tatarıstan Respublikası arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir.

    Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

    RF Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib. Ravil Zaripov Tatarıstan Respublikası iqtisadiyyatı barədə məlumat verərək, Tatarıstanın Rusiya Federasiyasının sürətlə inkişaf edən bölgələrindən olduğunu qeyd edib, bu gün keçirilən biznes forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını vurğulayıb, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.

    Tədbirdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycan və RF Tatarıstan Respublikası arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi